Ermənistanda ABŞ-ın "Qartal tərəfdaşı 2023" təlimləri başlayıb. ABŞ-ın Avropa və Afrikadakı Komandanlığının nümayəndəsinin sözlərinə görə, manevrlər İrəvan yaxınlığındakı "Zar" təlim mərkəzində keçirilir. Sentyabrın 20-dək davam edəcək təlimlərdə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi iştirak edir. ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin sözlərinə görə, ABŞ ilə Ermənistan arasındakı birgə hərbi təlimlər rutin xarakter daşıyır və heç bir hadisə ilə bağlılığı yoxdur.
Amma hazırda dünyada gedən geosiyasi proseslərə nəzər salanda aydın şəkildə görünür ki, qərb dövlətləri Cənubi Qafqazda möhkəmlənmək istəyir, bunu da Ermənistan üzərindən reallaşdırmağa çalışır. "Qartal tərəfdaşı 2023" təlimlərində iştirak etmək üçün Ermənistana gələn 85 hərbçi də prinsip etibarilə Avropa İttifaqının sülhməramlı missiyası adı altındakı hərbi kontingentin davamı mahiyyətini daşıyır. Sözügedən missiya Ermənistanda Rusiyanın təsirini və real imkanlarını qiymətləndirib, məlumatları Qərbə ötürməli idi.
Görünən odur ki, artıq birinci istiqamətdə aparılan işlər tamamlanıb və artıq planın ikinci mərhələsinə start verilib. Bu baxımdan, təlimə gələn amerikalı hərbçilərin böyük bir qisminin fərqli adlar altında Ermənistanda qala biləcəyi ehtimalı yüksəkdir. Onlar hərbi məsləhətçi, müşavir və digər formalarda İrəvanda fəaliyyət göstərə bilərlər. Bu prosesin reallaşdırılmasında əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ermənistan siyasi rəhbərliyinin Aİ missiyasını ölkəyə dəvət etməsi, İrəvanın NATO-ya üzvlük təklifinin gündəmə gətirilməsi, ardınca isə Paşinyan hökumətinin KTMT-nin "Döyüş qardaşlığı" təlimlərində iştirakdan imtina edərək, Pentaqonla birgə manevrlər etməsi Ermənistanın qərbi seçdiyini göstərir. Qoca qitənin də Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açdığını deyə bilərik. Qərb İrəvandan maşa kimi istifadə etməklə Rusiyanın sərhədləri boyunca gərginlik ocaqları yaratmağı hədəfləyir. Nəticədə isə Ermənistan 2 qütb arasındakı poliqona çevrilir. Bu isə Cənubi Qafqazda sülhün əldə olunmasını çətinləşdirir.
Bu vəziyyət İranı da narahat edir. Elə bu səbəbdən də rəsmi Tehran Ermənistan-ABŞ birgə hərbi təlimlərinə reaksiya verib. Tehran regiondankənar qüvvələri bölgəyə gətirmək cəhdinə görə İrəvana xəbərdarlıq edib. İranın vitse-prezidenti Məhəmməd Cəmşidinin açıqlamasına görə, Nikol Paşinyanla danışan İran Prezidenti İbrahim Rəisi "əcnəbilərlə təlimlər", "şübhəli səfərlər" ifadələrini işlədərək Ermənistan hökumətinin hazırkı siyasətindən narazı olduğunu deyib.
Artıq Ermənistanın qərbin kəşfiyyat mərkəzinə çevrilməsi planını hər kəs başa düşür. Bu isə indiyədək Paşinyan hökumətinə hərbi-siyasi dəstək verən ölkələri Bakı ilə əməkdaşlığa sövq edir. İranlı rəsmilərin sonuncu Bakı səfəri və burada verdikləri mesajlar da bu məqsədə xidmət edir. Belə ki, sentyabrın 10-da Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair "Birgə Komissiya"nın 3-cü iclası baş tutub. İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bildirib ki, bəzi qüvvələr əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərir. Əhədi ölkəsinin Azərbaycanla sərhədə Ermənistanın xeyrinə qoşun yığmadığını da bəyan edib. Hayların xəyanətini dadan farslar özlərini Azərbaycana dost kimi göstərmək istəyirlər.
Bu məqamda, Azərbaycanın Türkiyə ilə birgə təklif etdiyi "3+3" formatının effektivliyi bir daha təsdiqlənir. Çünki Ermənistanın xarici qüvvələrin əlində bir alətə çevrilməsi sadəcə Azərbaycana qarşı yönəlməyib, bu, regionun digər dövlətlərinə qarşı da təhdiddir.
Jalə QASIMZADƏ,
"Respublika".