Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunduğu kimi, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə ərazi bütövlüyümüz bərpa edildiyi kimi, soydaşlarımızın el-oba həsrətinə də son qoyuldu. Zəngilanın Ağalı kəndində başlayan "Böyük Qayıdış" Talış kəndində, daha sonra isə Laçında uğurla davam etdirilir. 28 May - Müstəqillik Günündə laçınlılarla görüşən dövlətimizin başçısı həmin günü ikiqat bayram adlandırıb və uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıtmaları münasibətilə həm laçınlıları, həm də bütün Azərbaycan xalqını təbrik edib.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövləti qarşısında duran ilk hədəflərdən biri də minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi və bununla paralel olaraq, bərpa-yenidənqurma işlərini davam etdirməkdir. Hərbi və siyasi yolla geri qaytarılan Laçın rayonu dünyanın ən gözəl təbiətinə malik olan ərazilərimizdəndir. Çətin iqlim və relyef şəraitinə malik olmasına baxmayaraq, Laçın şəhərində, ümumilikdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binasıdır. 144 mənzildən ibarət 9 çoxmənzilli bina da istifadəyə verilib. Bu isə o deməkdir ki, 30 ilə yaxın məcburi köçkünlük şəraitində yaşayan 764 ailə artıq Laçın şəhərində yaşaya bilər. Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə 20 ailəyə yaşamaq üçün mənzillər təqdim edilib. Və ölkə başçısı bildirib ki, iyun ayının sonuna qədər digər ailələr də Laçına köçürüləcək. Birinci mərhələdə Laçında azı 4 minə yaxın həmvətənlilərimizin yaşaması nəzərdə tutulub. Burada insanların yaşaması üçün zəruri olan bütün imkanlar da təmin ediləcək. Yeni dərs ili üçün məktəb, tibb məntəqəsi, bir sıra müəssisələr və 1100-dən çox iş yerinin açılması qarşıya qoyulan hədəflər sırasındadır. Görülən işlərə nəzər yetirdikdə bir daha aydın olur ki, işğaldan azad olunmuş ərazilərimizin tez bir zamanda dirçəlməsi dövlətin əsas prioritetidir və bir zamanlar məcburi köçkünlərə verilən sözlərin arzu və xəyal olmadığının əyani sübutudur.
Məqsədyönlü və geniş layihələrin sürətlə davam etdiyi ərazilərimizdən biri də Kəlbəcər rayonudur. Mayın 27-də Kəlbəcərə səfər edən dövlət başçısı Yanşaq kəndinin təməlini qoyub. Təməlqoyma mərasimində Prezidentə məlumat verilib ki, kənddə, ümumilikdə 421 ailənin məskunlaşacağı nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Digər ərazilərdə olduğu kimi, Yanşaq kəndində də insanların sosial rifahının yaxşılaşdırılması üçün iş yerləri açılacaq və istirahət zonaları fəaliyyət göstərəcək. Evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə ediləcək.
Kəlbəcər rayonundan sonra Laçına səfər edən Prezident İlham Əliyev ilk olaraq "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Qorçu" yarımstansiyasının açılışında iştirak edib və yarımstansiyanı işə salıb. Məlumat olaraq bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən "Kəlbəcər" yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası