Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanla bağlı açıqlamalar verib.
O, erməniləri Qarabağda qondarma etnik təmizləmə ilə bağlı yalan xəbərlər yaydıqlarına görə tənqid edib. Zaxarova bildirib ki, Qarabağın erməni sakinləri arasında etnik təmizləmə aparılmayıb, əgər İrəvanın bununla bağlı sübutları varsa, təqdim etməlidir. Bununla bir daha İrəvanın yalanı üzə çıxıb. Çünki Ermənistan sentyabrın 19-20-də Azərbaycan tərəfindən dinc əhaliyə qarşı etnik təmizləmə və kobud rəftar olması ilə bağlı əsassız ittihamlar irəli sürsə də, bunlar reallığı əks etdirmir. Üstəlik, ortaya atılan iddialar BMT-nin Qarabağa səfəri zamanı çıxardığı nəticələrlə tamamilə ziddiyyət təşkil edir. Moskva rəsmisinin açıqlaması da ona işarə edir ki, artıq Paşinyan hökumətinin həqiqətləri təhrif etmək cəhdləri iflasa uğrayıb.
Zaxarova İrəvanın Rusiya sülhməramlılarına yönəlik ittihamlarına da toxunub. Bildirib ki, Ermənistan hakimiyyətinin sülhməramlı qoşunların Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları konstruktiv deyil. O, bununla bir növ erməni rəsmiləri münasibətlərə xələl gətirməkdə ittiham edib. Əslində, baş nazir Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqa səfərindən sonra Rusiya-Ermənistan arasındakı gərginlik nisbətən səngimişdi. Amma Rusiya Xarici İşlər Nazirliyinin bu gün verdiyi açıqlamalara nəzər salanda görürük ki, iki ölkənin problemləri heç vaxt həll olunmayıb. Sadəcə, Kreml bir müddət gözləmə mövqeyinə keçib, gedişat arzuolunan şəkildə olmadığı üçün isə yenidən İrəvana xəbərdarlıq etməyə başlayıb. Bununla bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq keçirərək Paşinyanın yürütdüyü siyasətə ölkəsinin rəsmi mövqeyini bildirib. O, əvvəlcə qeyd edib ki, Qərbi razı salmaq üçün uçurumun kənarına getmək absurddur. Xanım siyasətçi bununla bir növ Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyana da cavab verib. Çünki erməni rəsmi bildirmişdi ki, Cənubi Qafqazda sülh Avropa və ya Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunmalıdır. Zaxarovanın çıxışında regionda davamlı sülhün bərqərar olması üçün alternativsiz yol xəritəsinin üçtərəfli Bəyanat olduğunu vurğulaması da bununla əlaqəlidir.
Rusiya XİN-in sözçüsü brifinqdə Qərb-Ermənistan yaxınlaşmasının təhlükələri ilə bağlı maraqlı bir məqama diqqət çəkib. Zaxarova bildirib ki, onlar yanvarın 1-də İrəvanın mərkəzində faşist quldurlarının yürüşündən narahat olub və hüquq-mühafizə orqanlarının əməkdaşlarının buna mane olmamasından təəccübləniblər. Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla birlikdə faşizm üzərində qələbə qazandığını da xatırladıb. Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. İlk növbədə, Kreml faşist ideologiyası ilə keçirilən aksiyalara çox həssas yanaşır və postsovet məkanında belə hal baş verdikdə dərhal cavab verir. Çünki Rusiya bunu özünə qarşı təhlükə kimi qəbul edir və belə addımların onun bölgədəki dayaqlarını zəiflətdiyini düşünür. Bu, Qərbin İrəvanda apardığı anti-Rusiya kampaniyasının davamı olaraq şərh edilir.
İkincisi, Zaxarovanın bu açıqlaması Almaniyanın rus ordusunu pul qarşılığında İrəvandan çıxarmaq istədiyi barədə mətbuatda xəbərlərin tirajlandığı dövrə təsadüf edir. Cəmi bir neçə gün öncə mediada gündəmə gəldi ki, Berlin Ermənistanın dövlət aparatını və hərbi strukturunu Rusiyanın izlərindən tamamilə təmizləməyi hədəfləyir. Hətta iddialara görə, İrəvan Almaniyanın bu istəklərini yerinə yetirəcəyi təqdirdə maliyyə ilə yanaşı, həm də texniki yardım da alacaq. Bu mənzərədən görünən odur ki, Qərb, Rusiya və Ermənistan üçbucağında əsas gündəm Gümrüdəki bazadır. Amma qoca qitənin Paşinyan hökumətinə verdiyi vədlərə baxmayaraq, rus hərbi bazasının bu ölkədən çıxarılması 2044-cü ilədək mümkün deyil. İrəvan və Moskva arasındakı sazişlər bunu deməyə əsas verir. Yekunda aydın olur ki, Qərbin Cənubi Qafqazda möhkəmlənməsi 20 il ərzində real görünmür.
Jalə QASIMZADƏ,
"Respublika".