21 iyun 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bir çox aspektdən xüsusi əhəmiyyət daşıyırdı. Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılması, 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və ulu öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini göstərirdi. Səfər zamanı Daşkəndin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.
Özbəkistana dövlət səfəri zamanı keçirilən görüş və danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsi kimi məsələləri xüsusi diqqətdə saxlayacaqları barədə razılığa gəlmişlər. Hazırda iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvüdür. Qurum günümüzdə beynəlxalq siyasətin görkəmli və əhəmiyyətli aktoruna çevrilməkdədir. Bu isə o deməkdir ki, iki dövlət təhlükəsizlik məsələləri və öz xalqlarının inkişafı naminə güc birliyi məqsədilə bir-birinə dəstək olacaq, müxtəlif təhdidlərə qarşı birgə hərəkət edəcəklər.
Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi bütün Türk dövlətlərinin güclənməsinə böyük töhfədir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü müstəqil dövlətlərdir. Əlbəttə ki, bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün də ilk növbədə qarşılıqlı əlaqələr intensivləşdirilməlidir. Bütün istiqamətlərdə, o cümlədən iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmalıdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi inkişafa nail olmaq mümkündür.
Bu gün müasir qloballaşan dünyada yaranmış vəziyyəti nəzərə almaqla hər bir ölkə özünün müdafiə qabiliyyətini möhkəmləndirməyə çalışmalıdır. Bu, xüsusilə təbii resursları zəngin olan ölkələrə aiddir. Buna görə də, Azərbaycan və Özbəkistan arasında hərbi, hərbi-texniki, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində atılacaq əlavə addımlar hər iki ölkənin təhlükəsizliyinin və hərbi qüdrətinin yüksəlməsinə səbəb olacaq. Sirr deyil ki, bu gün hər iki ölkənin xalqları kənar təhdidlərlə üzləşməli olurlar. Buna görə də, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacibdir.
Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu baxımdan, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" xüsusi əhəmiyyətə malikdir. Bəyannamə bu istiqamətdə gələcək fəaliyyətin yol xəritəsi rolunu oynayır. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri öz əksini tapıb, eləcə də dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. Həmçinin bu mühüm tarixi sənəddə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Faktiki olaraq imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Bu sənəd iki ölkə arasında əlaqələri daha da gücləndirəcək, əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səslənən fikirlər və iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi. Dövlət başçımızın bəyan etdiyi kimi, Özbəkistana səfər və əldə edilən razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.
Onu da qeyd edək ki, Azərbaycan və özbək xalqları arasında dostluq, qardaşlıq əlaqələri və diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulmuşdur. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra 1996-cı ildən Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyə qədər iki ölkə arasında 135 sənəd imzalanıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Daşkənddə 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental əsas yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd etmişdir: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır.
Özbəkistan dövləti hər zaman Azərbaycanla münasibətlərə yüksək qiymət verərək Qarabağla bağlı məsələlərdə daim ölkəmizə dəstəyini ifadə edib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatı da bir daha bunu təsdiqləyib. Prezident İlham Əliyev kənd təsərrüfatı və texnoparkın inkişafı perspektivlərindən danışarkən vurğulayıb ki, Azərbaycanda ipəkçiliyin inkişafında Özbəkistan yaxından iştirak edib, sizin təcrübəniz və dəstəyiniz ipəkçiliyi inkişaf yoluna çıxarmağımıza imkan verdi. Həmçinin Özbəkistan hökuməti hədiyyə olaraq Füzuli şəhərində növbəti tədris ilinə qədər məktəb tikib istifadəyə verəcək və Azərbaycan bu qardaşlıq münasibətlərini çox yüksək qiymətləndirir.
Prezidentin Özbəkistana səfəri əsası ulu öndər tərəfindən qoyulmuş iki xalq arasındakı münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Bu səfər 25 il öncə ümummilli lider Heydər Əliyevin Özbəkistana həyata keçirdiyi səfərin tarixi ilə də üst-üstə düşürdü. Belə ki, Heydər Əliyevin münasibətlərin inkişafındakı yeni mərhələ adlandırdığımız səfərindən sonra Prezident İlham Əliyevin səfəri həmin münasibətlərin gələcək inkişafının lokomotivi hesab olunurdu. Səfər Özbəkistanla əlaqələrin sürətli inkişafına təkan verməklə bərabər, həm də əlaqələrin gələcək konturlarının, prioritetlərinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyətə malik idi.
Azərbaycan və Özbəkistan arasında imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə bu istiqamətdə gələcək fəaliyyətin yol xəritəsi rolunu oynayır.
Mustafa KAMAL,
"Respublika".