Ötən il ölkəmizin həyatında bir sıra siyasi, iqtisadi islahatlarla yanaşı, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsinin dövlət səviyyəsində qətiyyətli şəkildə gündəmə gəlməsi ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real tarixi hadisələrə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etdi ki, 1828-ci ildən 1988-ci ilə kimi Qərbi Azərbaycandakı soydaşlarımız qırğınlara, sürgünlərə, köçürülmələrə məruz qalaraq ata-baba yurdları uğrunda mübarizə aparıblar. 1988-ci ildə erməni millətçiləri sovet hökumətinin, xüsusilə Mixail Qorbaçovun dəstəyi ilə Qərbi azərbaycanlıları İrəvandan, Zəngəzurdan, Göyçə mahalından, Amasiyadan, Dərələyəzdən, Zəngibasardan və azərbaycanlılara məxsus olan digər ərazilərdən son nəfərə qədər çıxarıblar. Onlar hələ də yurd həsrəti ilə yaşayırlar. Bu səbəbdən də Azərbaycan dövləti Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Qərbi Azərbaycandakı qədim Oğuz ellərinə qayıdışı hədəfləyir.
Hazırda Azərbaycanın əsas diqqəti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə geri qayıtma hüququnun təmin edilməsi, eləcə də qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyasının reallaşmasına yönəlib. Bu layihə ilə bağlı xeyli işlər görülür, azərbaycanlı rəsmilər ən ali kürsülərdə sözügedən sənədə istinad edirlər.
Artıq görülən işlər də öz bəhrəsini verir. Son olaraq Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Konsepsiya adıçəkilən orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Qayıdış Konsepsiyasının beynəlxalq orqanların gündəliyində yer alması isə sözsüz ki, böyük uğur kimi qiymətləndirilməlidir. Bu hadisə başlıca olaraq Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmalarına xidmət edir. Çünki sənədin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir.
Azərbaycan ordusunun Qarabağın 30 il davam edən işğalına son qoyması, qarabağlıların yurd-yuvalarına qaytarılması Qərbi azərbaycanlıların da eyni uğurlu sonu yaşayacağının təminatıdır. Xalq da buna əmindir. Sosial Tədqiqatlar Mərkəzinin ölkəmizdə keçirdiyi rəy sorğusu da bunu təsdiqləyir. İctimai rəy sorğusunda respondentlərə "Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?" sualı ünvanlanıb və respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir. Daha detallı nəzərdən keçirdikdə, respondentlərin 46.5 faizi "tam inanıram", 28.1 faizi "əsasən inanıram", 7 faizi "əsasən inanmıram", 10.40 faizi isə "heç inanmıram" cavablarını qeyd edib. Onların 8.1 faizi cavab verməkdə çətinlik çəkib. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95 faizə, xəta payı 5 faizə bərabərdir.
Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 58 faizi qayıdışın baş tutacağına tam inandığını bildirib. "Əsasən inanıram" deyənlər isə 26 faiz olub. Başqa sözlə, 18-24 yaş qrupunda olanların 84 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir. 25-34 yaş qrupundakı insanların 50 faizi "tam inanıram", 27 faizi "əsasən inanıram" variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6 faizi "əsasən inanmıram", 8 faizi "heç inanmıram" cavabını verib. 35-44 yaş qrupunda olanların isə 74 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45-54 yaş qrupu üzrə 75 faiz təşkil edib. Bu göstəricilər çoxəsrlik qan yaddaşımızın oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir. 65 və yuxarı yaş qrupundakı respondentlərin 80 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
Ümumiyyətlə, keçirilən sorğu və bu istiqamətdə atılan addımlar onu göstərir ki, hazırda milli şüurda oyanış müşahidə olunur. Bu proses isə əcdadlarımızın mirası olan yerlərə dönüş yolunu təmin etməklə bir milləti bütövlüyünə və soy-kökünə qovuşduracaq.
Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dediyi kimi: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Jalə QASIMZADƏ,
"Respublika".