Çirkin xislətli bədnam qonşumuzun Azərbaycana qarşı törətdiyi mina terroru can almağa davam edir. Belə ki, dünən Ağdamın Yusifcanlı kəndində 2 nəfər minaya düşərək həlak olub.
Xain düşmən işğal dövründə 1 milyondan çox mina basdırmışdır. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında məlumatlara təəssüf hissi ilə şahidlik edirik. Ermənistanın əsas məqsədi məhz dinc əhalimizi hədəf almaqdır. Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların Azərbaycanın təkcə müharibədən zərərçəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaq əyalətlərində də aşkarlanması bunun əyani sübutudur. Beləliklə, Azərbaycana qarşı aqressiya və terror davam edir.
1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərinə Ermənistan tərəfi riayət etmədi. Bununla yanaşı, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini də kobud şəkildə pozur. Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə mina sahələrinin xəritəsinin verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilmiş xəritələrin işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi yalanı düşmənin xain xislətinin bariz nümunəsidir. Belə ki, ölkəmizin müxtəlif təzyiqlərin nəticəsində olaraq Ermənistan mina xəritələrini Azərbaycana təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu.
Ərazilərimiz düşmən əsarətindən azad olunduqdan sonra 300-ə yaxın azərbaycanlının minalardan həlak olması və ya yaralanması beynəlxalq humanitar hüququn diqqətindən yayınmamalıdır. Təəssüf ki, hələ də beynəlxalq tərəfdaşlar Ermənistanın bu terroruna göz yumur. Dövlətimiz Ermənistanın həyata keçirdiyi mina terroruna və azərbaycanlıların hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq ötən aylarda, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim etmişdir. Ermənistan Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirir və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci ildə Ermənistan istehsalı olan 2700-dən çox mina aşkar olunması bunu deməyə əsas verir. Minaları Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir. Digər bir fakt isə partlayıcı qalıqların ekspertizası zamanı minaların hazırlanma müddətinin yeni olmasıdır.
Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın minalardan tam təmizlənməsi üçün daha 30 il müddət lazımdır. Buna baxmayaraq, minatəmizləmə prosesi tam sürətlə davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu ilin yanvar ayında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı