Tökülən qan yerdə qalmır...
"Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik". Bu fikirləri Prezident İlham Əliyev ötən il Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında bildirib.
Özünü "demokratiyanın beşiyi" adlandıran Fransa əslində müstəmləkəçi dövlətdir. Fransız müstəmləkəçiliyi tarixinin isə özünəməxsus xüsusiyyətləri var. Əvvəla, onu qeyd edək ki, Fransa müstəmləkə imperiyası ingilislərdən sonra ikinci böyük imperiya olub. Onun koloniyalarının əksəriyyəti Afrika qitəsində yerləşirdi. Müstəmləkələr arasında Mozambik kanalının şimal-şərqində yerləşən Mayot adası xüsusi yer tutur. Belə ki, ada Hind okeanında strateji əhəmiyyətli bir nöqtədir və bu səbəbdən, Fransa ondan əl çəkmir. IX əsrdən XIX əsrə qədər Mayot əsasən Fars körfəzi ölkələrindən gələn qul ticarəti üçün keçid məntəqəsi kimi xidmət edirdi. Fransanın müstəmləkə rəhbərliyi öz hərbi mövcudluğunu gücləndirmək üçün, mülklərini genişləndirmək, Qəmər adalarını ələ keçirmək qərarına gəldi və buna nail oldu. 1975-ci ildə müstəqil Qəmər adaları yarandı və tərkibindəki 4 ada ilə (Mayot da daxil olmaqla) BMT-nin tamhüquqlu üzvü oldu. 1979-cu ildə BMT Baş Məclisi yenidən Qəmər adalarının Mayot adası üzərində hüquqlarını tanıyan və Fransadan müstəqil bir dövlətin ərazisini tərk etməsini tələb edən qətnamə qəbul etdi. Bütün bunlara baxmayaraq, Fransa Qəmər adaları məsələsində beynəlxalq hüququ rədd edərək işğalçı və müstəmləkəçi olduğunu bir daha təsdiqləyir. Mayot hələ də işğal altındadır. Müstəmləkəçi siyasətindən əl çəkməyən Fransa artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir. Təbii ki, fransızların müstəmləkəçilik fəaliyyəti bununla məhdudlaşmır. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev digər bir məqama da diqqət çəkib: "Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".
Fransanın tərkibinə daxil olan Korsika adasında da müstəqillik uğrunda mübarizə 200 ilə yaxındır ki, davam edir. Maraqlı burasıdır ki, rəsmi Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir. Eyni zamanda, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçılarının fəaliyyətinə haqq qazandırır, onlara dəstək olur. Halbuki, Korsika adasının müstəqillik tələbləri ilə ermənilərin separatizm fəaliyyəti tam fərqlidir. Belə ki, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər, onlar bu ərazilərə çar Rusiyası tərəfindən əsasən İrandan köçürülmüş gəlmələrdir.
Zaman öz işini görür. Bu gün Avropanın başının Rusiya-Ukrayna müharibəsinə qarışdığı bir vaxtda Fransanın Korsika adasının sakinləri də muxtariyyət tələbi ilə küçələrə axışıblar. Etiraz aksiyasına Fransa həbsxanasında saxlanılan Korsika millətçisinə edilən hücum təkan verib. Polis zor tətbiq edərək 100-ə yaxın etirazçını saxlayıb. Aksiyada 10 min nəfər iştirak edib. Bu isə 340 min əhalisi olan ada üçün kifayət qədər böyük rəqəm hesab edilir. Ancaq Paris adada yaşayanlara muxtariyyət vermək istəmir. Maraqlıdır, uzun illərdir Qarabağda bir ovuc erməni separatçısını dəstəkləyən, ağına-bozuna baxmadan onlara müstəqillik tələb edən, indi də yeri gəldi-gəlmədi status mövzusunu gündəmə gətirən, icazəsiz səfərlər təşkil edən Fransa Korsikada sayı Qarabağ ermənilərindən dəfələrlə çox olan bir millətə niyə muxtariyyət vermir? Əksinə, onların mübarizəsini separatizm fəaliyyəti kimi qələmə verir. İndi Fransanın Cənubi Qafqazda separatizm oyunu özünə qarşı çevrilir. Necə deyərlər, çanaq öz başında çatlayır.
Fransanın bu duruma düşməsində əsas rol oynayan başqa bir amil də var: Fransa erməni lobbisinin əlində bir alətdir. Elə bu səbəbdən də o, beynəlxalq hüququ pozur. Məsələn, vaxtilə prezidentliyə namizəd birisinin qanunsuz olaraq Qarabağa səfərinin təşkili və onun müxtəlif təxribatçı fikirlər səsləndirməsi buna əyani sübutdur. Bununla yanaşı, Fransa 30 illik işğal dönəmində, Vətən müharibəsi zamanı və ondan sonra birmənalı şəkildə erməni separatçılarını dəstəkləyib. Bu gün də öz fəaliyyətini davam etdirir. Fransada bütün prezidentlərin, bu posta namizəd olanların erməni kartından istifadə etməsi artıq ənənə halını alıb. İndi isə Fransa özü separatizmə verdiyi dəstəyin cəzasını çəkir. Korsika adasının sakinləri muxtariyyət tələbi ilə çıxış edir, müstəmləkə, işğal altında olan digər ölkələr də Fransanın üzünə ağ olur, azadlıq istəyirlər.
Fransa qaranlıq keçmişə malikdir. Və nə yaxşı ki, bu gün qaranlığa işıq tutulur, onun əsrlər boyu törətdiyi cinayətlər birər-birər açılır. 132 il ərzində 1,5 milyon əlcəzairlini qətlə yetirən Fransa 1832-ci ildə "El-Uffia" qəbiləsini gecə yatdığı yerdə qılıncdan keçirib, 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairlini öldürüb, 1961-ci ilin oktyabrında Fransa polisinin açdığı atəşlə yenə də 1500-ə qədər əlcəzairli Sena çayına qərq olub və bu hadisə tarixə "Sena qətliamı" kimi düşüb. Onun işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqının islam təhsili alması qadağan olunub, mədrəsələr dağıdılıb. XIX əsrin müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində nümayiş etdirilir. 1907-ci ildə Mərakeşdə baş verən "Kasablanka döyüşü"ndə 2 gün ərzində 3 min mərakeşli, 1961-ci ildə "Bizert böhranı" nəticəsində 5 min tunisli öldürülüb... Əlbəttə, bu cür faktlar çoxdur və onları sadalamaqla bitmir.
Hər qaranlıq gecənin isə bir işıqlı sabahı var. Gün gələcək Fransanın cinayətlərinin qurbanı olan xalqlar ondan hesabat istəyəcək. Axı, tökülən qan yerdə qalmır...
Zümrüd QURBANQIZI,
"Respublika".