Axı, hər qaranlıq gecənin işıqlı bir sabahı var
...1945-ci il aprelin 9-da Moskvada erməni yepiskopu Qaregin "Daşnaksütyun" terrorçu təşkilatının fəallarından biri Sovet İttifaqı hökumətinin heyətində təmsil olunan A.Mikoyanın ciddi köməyi və yardımı sayəsində Kremldə Stalinlə görüşdü. Arxiyepiskop sovet hökumətinin başçısına xahiş dolu bir məktub təqdim etdi. Xahişlərdən biri dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin Ermənistana köçürülməsi ilə bağlı idi... Stalinin razılığından sonra ermənilərin Ermənistana köçürülməsi və azərbaycanlıların isə deportasiyasına hazırlıq işlərinə başlanıldı. Qaregin 1945-ci il iyunun 2-də VI Qevork adıyla bütün ermənilərin "katolikosu" seçildi. 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Arutyunov Moskvada rəhbərlik qarşısında Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdı. Bunu da onunla izah etdi ki, Moskvada Stalinlə VI Qareginin görüşü zamanı bütün ermənilərə "vətənə" qayıtmaq çağırışı xaricdə böyük əks-səda doğurmuşdur. Odur ki, Ermənistan ərazisini genişləndirmək zərurəti vardır...
Beləliklə, 1947-ci ildə azərbaycanlıların "mədəni" surətdə öz doğma torpaqlarından çıxarılması üçün ilk zəmin hazır idi. 1948-1950-ci illərdə əslində 200 mindən çox soydaşımızın köçürülməsi nəzərdə tutulurdu.
Azərbaycanlılar qovulandan sonra izi tamam silib yox etmək üçün ermənilər soydaşlarımızın əvvəllər yaşadıqları yerlərin adlarını təcili erməniləşdirdilər: Göyçə gölü-Sevan, Urudlu-Oronta, Cəfərabad-Arqavand, Zəngəzur-Sisiyan... oldu... Tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda ermənilərin etnik təmizləmə siyasəti 1988-1991-ci illərdə başa çatdı. Son etnik təmizləmədə isə 300 minə yaxın azərbaycanlı öz doğma yurdlarından deportasiya edildi. Ermənilərin çoxdan arzuladıqları monoetnik dövlət nəhayət ki, quruldu. Növbə Qarabağın idi. Bütövlükdə 1 milyondan artıq soydaşımız qaçqına, məcburi köçkünə çevrildi. Ölkəmiz üçün ağır bir zamanda çadır şəhərciklərində məskunlaşan bu insanlar taleyin ümidinə qaldılar. Zaman-zaman yaraları qaysaqlandı, özünə gələn, yavaş-yavaş dirçələn dövlətimiz onlara diqqət və qayğısını artırdı. Bu dəstək soydaşlarımızı mənən gücləndirdi, yaşamağa həvəsləri artdı, bu ağır günlərin bir gün sonra çatacağına inamları çoxaldı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə ilk prezident seçkilərində özünün gələcək fəaliyyət proqramına qısa zamanda çadır şəhərciklərinin aradan qaldırılacağı barədə maddəni salması bəzilərinə mümkünsüz görünsə də qaçqın, köçkün soydaşlarımıza yeni ümid verdi. Onlar inandılar, Heydər Əliyev siyasətini davam etdirəcəyinə söz verən, and içən prezidentin sözünü tutacağına inandılar. Beləcə, 30 il bu ümidlərlə yaşadılar, dövlət başçısı ilə hər görüş onların qəlbində ümid çırağı yandırdı. "Biz o torpaqlara qayıdacağıq" - sözləri yurd-yuvasını itirmiş insanların yaşamaq, mübarizə aparmaq əzmini gücləndirdi, 44 günlük Vətən müharibəsi isə bütün ümidləri doğrultdu. 30 illik torpaq işğalına son qoyuldu. Qısa zamanda aparılan quruculuq işləri Qarabağa Böyük Qayıdış üçün hazırlanan köç karvanına ilk cığırı açdı. Zəngilanın Ağalı kənd sakinləri o gözəl müjdənin ilk qaranquşları oldu.
Qarabağın xoş növrağı başladı. Azan, muğam səsi dağları aşıb dünyaya yayıldı. Ürəyimiz fərəhləndi. Təbiət də sevindi, al-əlvan geyindi, bənövşəsi, laləsi, yasəməni, nərgizi, xarıbülbülü dağ yamaclarına, çəmənliklərə ürəklə baş qoydular, çünki arxayındılar, bir də düşmən çəkmələrinin altında əzilməyəcəklərindən əmin idilər...
Bu gözəlliyə ən çox sevinən Göyçə oldu - Göyçə gölü... Kim bilir ürəyindən nələr keçirdi bu təbiət gözəlinin o anlarda. Qoynuna möhtəşəm dönüşün ilk cücərtiləri baş qaldırmışdı deyəsən, qəlbində. Niyə də olmasın?!. İndi hədəflər dəyişib, Göyçə gölü, yolumuz sənədir...
Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılmış şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə də onların qarşısına mühüm vəzifələr qoydu. Qaçqınlarımızın doğma yurdlarına qayıtmaları üçün yeni hədəflər müəyyənləşdirildi. Bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə tanıtmaq baxımından mərkəz rolunu oynayacaq. Dövlət başçısı görüşdə deyib: "Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.
Ona görə bu gün burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq".
Prezident İlham Əliyev 19 illik fəaliyyəti dövründə təkcə Qarabağın azadlığı uğrunda mübarizə aparmadı, ən mötəbər tədbirlərdə, ən mürəkkəb vəziyyətlərdə heç kimdən çəkinmədən dünyaya bəyan edib ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Necə ola bilər ki, 1991-1993-cü illərdə işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edək, ancaq ondan bir neçə il əvvəl tarix boyu Azərbaycanın dədə-baba yurdu olan Zəngəzur, Göyçə, İrəvan qaytarılmasın? 1988-1991-ci illərdə azərbaycanlılar Qərbi Azərbaycanda 170 kənddən deportasiyaya məruz qalıblar. Azərbaycan xalqının tarixi torpaqlarında - Qərbi Azərbaycanda erməniləşdirmə siyasəti aparılıb. Prezident İlham Əliyev bunu çox qətiyyətlə vurğulayaraq dedi ki, biz o torpaqları top-tüfənglə almaq niyyətində deyilik, ancaq o ərazilərdən deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tam bərqərar olunması üçün nə lazımdırsa edəcəyik. Bunu bütün dünya bilməlidir.
Azərbaycan Prezidenti tarixi xronoloji ardıcıllıq baxımından ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək vurğuladı ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən əvvəl, biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq.
İnanırıq, ümid edirik ki, Vətən müharibəsində monolit birliyimizlə milli hədəflərimizə çatdığımız kimi, Qərbi Azərbaycana dönüşümüzü də gerçəkləşdirəcəyik!.. Gözlə, gələcəyik, Göyçə gölü!..
Zümrüd QURBANQIZI,
"Respublika".