Azərbaycan iqtisadiyyatının mütəmadi artım tempini təmin edən əsas amillərdən biri onun çoxşaxəli xarakter daşıması, əsas iqtisadi sahələrinin paralel şəkildə inkişaf etdirilməsidir. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı bütün sahələr üzrə dinamik inkişaf edir. Belə sahələr sırasında əldə olunan göstəricilər baxımından xüsusilə seçilən sektorlardan biri kənd təsərrüfatıdır. Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə bu, olduqca mühüm nailiyyət hesab edilir. Əlbəttə ki, burada əsas amillərdən biri də suvarmanın vaxtında və mütəşəkkil aparılmasıdır. Ötən gün Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə fermerlərlə yerində görüş keçirilib. Rayonun Qırıqlı kəndində keçirilən görüşdə fermerlərin üzləşdikləri problemlərlə bağlı müraciətləri dinlənilib, su itkisinin qarşısının alınması, əkin sahələrinin vaxtında suvarılması üçün arxların təmizlənməsi, təmir-bərpa işləri ilə bağlı təklifləri qeydiyyata götürülüb. Su ilə bağlı problemlərin yerində araşdırılaraq, həll olunması istiqamətində yerli baxışın keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Birmənalı bildirilib ki, ölkə üzrə aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının və keyfiyyətinin artırılması bilavasitə su təminatının yaxşılaşdırılması faktlarından çox asılıdır. Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması günün tələbidir. Suvarma suyunun vaxtında və lazımi normalarla verilməsi, növbəli əkin sisteminin düzgün tətbiq edilməsi, gübrələrin verilməsi torpağın münbitliyini yaxşılaşdırır. Su bitki həyatının vacib şərtlərindən biridir və o bitkilərdə gedən bütün fizioloji proseslərdə iştirak edir. Bundan başqa, nümayəndələr payızlıq əkinlərin aparılması nəzərdə tutulan sahələrdə olub, tarla əkin işləri ilə maraqlanıblar. Taxıl əkilməsi üçün şum aparılmış əkin sahələrində səpin işlərinin mövcud vəziyyəti ilə yaxından tanış olublar.
Zabit XƏLİLOV,
“Respublika”.