Ömər Faiq Lömən oğlu Nemanzadə 24 dekabr 1872-ci ildə Axalsıx qəzasının Azğur kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. Bir neçə il molla məktəbinə gedəndən sonra, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasında oxutmaq istəyirdi. Lakin anasının təkidi ilə 1882-ci ildə İstanbula gedərək "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə olan marağı onu daha sonra "Daruş-şəfəq" məktəbinə çəkib gətirir. 1891-ci ildə təhsilini bitirərək, Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddət sonra isə sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur.
1894-cü ildə doğma Axısqasına dönmüşdür. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qoşulub ömrünün axırına kimi biliyini xalqın azadlığı uğrunda mübarizəyə sərf etmişdir. Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demişdir. M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesini səhnə üçün hazırlamış, Müsyö Jordan rolunda özü çıxış etmişdir. 1896-cı ildə xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə tanış olmuşdur. Məhəmməd Əfəndi həm də burada olan gənc müəllim və yazıçılara da təsir etmişdir. Axısqada milli məktəb açmaq fikrinə düşən Ömər Faiq Nemanzadə Tiflis maarif müdirinə ərizə yazır. Müdir isə ona belə cavab verir: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz". Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləmişdir. Ömər Faiq Nemanzadə milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır", - demişdir.
1898-1900-cü illərdə Şəkidə came məktəbində müəllim işləyən ömər Faiq dini dərsləri azaldaraq hesab, coğrafiya, tarix və türk dili fənlərini tədris etmişdir. 1900-cü ildə ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlmişdir. Bakıda milli məktəblərin yox dərəcədə olduğunun şahidi olan Ömər Faiq Nemanzadə elə həmin il Şamaxıya getmiş, burada milli məktəbin təşkil edilməsinə çalışmışdır. Tarix, coğrafiya, hesab və türk dilindən dərs demiş, 1902-ci ildə isə yenidən Tiflisə qayıtmışdır.
İlk kitablarından biri olan "Dəvəti-nəşri-asərə" də ölkədə baş verən ictimai-siyasi hadisələrin təsiri altında yazılmışdır. Ömər Faiq Nemanzadənin publisistik fəaliyyəti təkcə əməkdaşı olduğu "Şərqi-Rus" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə məhdudlaşmırdı. Dövrün ən nüfuzlu qəzet və jurnallarında onun imzası tez-tez görünürdü. O, siyasi cəhətdən yetkin, mübariz bir publisist idi. Bir çox siyasi toqquşmalarda şəxsən iştirak edib, təbliğat aparırdı.
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və Firudin bəy Köçərli kimi türk dilinin təmizliyi və qorunması uğrunda mübarizə aparan ziyalılar arasında Ömər Faiq Nemanzadə də xüsusi yer tutur. Bu baxımdan onun əsərləri türk dilinin tarixi cəhətdən öyrənilməsi üçün çox əhəmiyyətli mənbədir. O, dil haqqında yazırdı: "Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, millət yoxdur. Mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir". Bütün ömrünü türkçülük ideolgiyası üzərində inkişaf etdirən Ö.F.Nemanzadənin dil probleminə ciddi münasibəti təsadüfi deyildi. Çünki XX əsrin siyasi proseslərinin başlıca problemlərindən biri də türk dili məsələsi idi. Türk dilinin ortaq dil kimi istifadə olunması və qorunması Ömər Faiq Nemanzadənin bütün əsərlərinin baş mövzusu olaraq diqqət çəkir.
1903-cü il mart ayının 30-da nəşrə başlamış, Məhəmməd ağa Şahtaxtlının baş mühərriri olduğu "Şərqi-Rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov və Yusif Əfəndizadə ilə bir yerdə işləmişdir. Bu qəzet Qafqazda ilk nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur. 1905-ci ildə "Şərqi-Rus" qəzeti bağlandıqdan sonra Ömər Faiq Nemanzadə dostu Cəlil Məmmədquluzadə ilə birlikdə qəzetin mətbəəsini alıb "Qeyrət" adı ilə dəyişdirərək, burada innovativ, dövrlə, zamanla hesablaşan kitablar nəşr etməyə başlayır. Bununla da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ yaranır. Mollanəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz "Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. "Qeyrət" mətbəəsinin ən böyük uğuru "Molla Nəsrəddin" jurnalının nəşri idi. Ömər Faiq Nemanzadənin yaradıcılığının ən cəsarətli, ən məhsuldar və təhlükəli dövrü bundan sonra başlayır. O, təkcə bu jurnalda deyil, o dövrdə çap olunan bir sıra qəzet və jurnallarda - "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Əkinçi" və digərlərində çıxış etmişdir. O, XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixində parlaq səhifələr yazan ziyalılarımızdan olmuşdur.
Ömər Faiq Nemanzadə 1920-ci ildə Gəncə Ziraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmiş, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru olmuş, inqilab illərində dəfələrlə həbs edilmişdir. 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir.
1927-ci ildə təqaüdə çıxan Ömər Faiq Nemanzadə "Xatirələrim" üzərində çalışırmış. Lakin müəllif bu kitabı bitirə bilmir. Dövrünün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi, Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur. 1937-ci ilin yayında Axalsıxda ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs edilib, 3 ay sonra Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə 10 oktyabrda güllələnib. Nəhayət, 1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsinin qərarı ilə bəraət verilib.
Bu il Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim, görkəmli publisist Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.
Ramidə YAQUBQIZI,
"Respublika".