Oktyabrın 26-da Tərtər rayonunun işğaldan azad edilmiş hissəsində minalardan təmizlənməyən ərazidə partlayış baş verib. Tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elçin Xanbala oğlu Nurəliyev xəsarət alıb.
Beynəlxalq təşkilatların məlumatına əsasən, Azərbaycan ərazisində olan minaların sayına görə dünyanın ilk 10 ölkəsindən biridir. Son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub. Onların 90 faizi mülki şəxslərdir. 2020-ci il noyabrın 10-dan bu il oktyabrın 6-dək Ermənistanın mina terroru nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 191 mina hadisəsi baş verib, 330 azərbaycanlı mina partlayışının qurbanına çevrilib. Onlardan 49-u mülki, 15-i hərbçi olmaqla 64-ü həlak olub.
Təhlükəsizlik səbəbindən minalanmış hesab edilən ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır. Azərbaycan dövləti tərəfindən vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür. Bu ərazilərdə nəzarət postları qoyulub, insanlar arasında maarifləndirmə işi aparılır. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun vaxtilə işğal altında olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 16-dan 22-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 611,4 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib. Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 147 piyada əleyhinə, 130 tank əleyhinə mina və 1067 partlamamış hərbi sursat aşkarlanıb. Həmçinin "Made in Azerbaijan" brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 4 ədəd "Revival P" mexaniki minatəmizləmə maşını "İmprotex" Şirkətlər Qrupu tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təhvil verilib.
Mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki imkanlarını artırılmasına xidmət edəcək. Hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edilir, lazımi təhlükəsizlik tədbirləri görülür. Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz olaraq davam edir.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu peşəkarlıq və cəsarət nümunəsi göstərərək əraziləri qısa müddətdə işğaldan azad edib. Ermənistan işğalı dövründə həmin ərazilərimiz minalarla çirkləndirilib. Təəssüf ki, bu gün də bu məsələ Azərbaycan əhalisinin təhlükəsizliyinə təsir edən ciddi bir mövzu kimi aktual olaraq qalır.
Mina terroru həm də təbiət və heyvanlar üçün ciddi təhlükədir. Bu, o cümlədən torpağı çirkləndirməklə ondan asılı olan bitki və heyvanlara zərər verə bilər. "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyinin işğaldan azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciətində deyilir: "Biz - Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyirik".
Ermənistan silahlı qüvvələri tərəfindən basdırılan minalar haqqında məlumatı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və ölkəmizdə bu sahədəki problemlərin həllinə diqqəti yönəltmək məqsədilə xarici qeyri-hökumət təşkilatları arasında petisiya açılıb. Petisiya "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Müraciətdə müxtəlif ölkələrlə birlikdə, Azərbaycana da geniş yer ayrılıb, qeyd olunub ki, Azərbaycan mina problemindən əziyyət çəkir. Kampaniya həyata keçirənlər bəyan ediblər ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd-keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb. Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıblar.
Aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 kilometrlik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə mina yerləşdirildiyini aşkarlayıb. Mina terroru beynəlxalq humanitar hüququn pozulmasıdır. Bu məsələ həm də regionda sülh və sabitlik üçün təhlükə yaradır. BMT-nin "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" konvensiyası 1999-cu ildə qüvvəyə minib. Qəbul olunan bu konvensiyaya görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra, minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin isə təxminən 80 faizi yanlışdır. Rəsmi İrəvan mina xəritələrini verməməklə daha çox günahsız insanın ölümünə səbəb olur və cinayətlər törətməyə davam edir.
Nurcan SÜLEYMANOVA,
"Respublika".