44 günlük Vətən müharibəsi şanlı qələbəmizlə başa çatdı. Lakin müharibə bitdikdən sonra Azərbaycan üçün yeni bir problem yarandı. Gizli təhlükə - mina. Bu ona görə təhlükəlidir ki, mina partlayışı özündə ölüm yaşadır. Harada, nə vaxt partlayacağı bilinmir. Təəssüflər olsun ki, işğaldan azad edilmiş Qarabağ torpaqları sanki mina tarlalarına bənzəyir. Ermənilər 30 il bu torpaqları təkcə talan etməmiş, həm də təhlükə mənbəyinə çevirmişlər.
Ölkəmiz dünyada minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində cəmi 44 günlük döyüşlərlə Azərbaycan öz qələbəsini təmin etmişdir. İşğal dövründə hər cür vəhşilik və terror hadisələrinə məruz qalsa da, dövlətimiz yenə də Ermənistana sülh və barışıq əlini uzadır. Qonşu dövlət Azərbaycanın sülh təklifinə 10 noyabr tarixli Bəyanatı ilə razılıq imzası atsa da həmin razılaşmadan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan bu gün də müxtəlif yollarla, qeyri-qanuni olaraq ərazilərimizə soxulmaq, gərginlik yaratmağa çalışır, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar basdırmaqda davam edir. Ümumilikdə, ötən otuz il müddətində Azərbaycanda 3400-ə yaxın insan mina qurbanı olub. Onlardan 587 nəfəri həyatını itirib. 44 günlük Vətən müharibəsindən sonra isə 302 vətəndaş mina partlayışından zərər çəkib. Onlardan 57 nəfər həlak olub, 245 nəfər isə ağır yaralanıb.
Ermənilərin Laçın rayonu ərazisini tərk etməsindən sonra rayon ərazisində 1400-dən çox 2021-ci il Ermənistan istehsalı olan E-OO1M markalı piyada əleyhinə mina aşkarlanmışdır. Hətta ermənilər Zabux və Sus kəndlərini tərk edən zaman evlərin giriş qapılarında və həyətyanı sahələrdə minalar basdırmışlar. Bu isə xain düşmənin məkrli planlarını davam etdirdiyini göstərir. Onu da qeyd edək ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı müddətində 147 min hektar ərazi minalarla çirkləndirilib. Basdırılan minaların içərisində ən təhlükəlisi və ən çox rast gəlinəni Ermənistanın özünün istehsal etdiyi minalardır. İşğal dövründə Azərbaycan ərazilərinə ilkin qiymətləndirməyə görə 1,5 milyondan çox mina basdırılmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə mina təmizləmə işi yüksək sürət və keyfiyyətlə həyata keçirilir. Bu istiqamətdə işlərin əsası hələ ümummilli lider Heydər Əliyev tərəfindən Birinci Qarabağ müharibəsi dövründə qoyulmuşdur. 25 il əvvəl ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA yaradılmışdır. ANAMA bu gün də ölkədə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur. Müharibə başa çatandan sonra ANAMA-nın qarşısında çox çətin və məsuliyyətli vəzifə durur, bu qurum öz işini layiqincə yerinə yetirərək işğaldan azad olunan ərazilərə dönən qarabağlıların təhlükəsiz yaşayışını təmin edir. Bölgədə minatəmizləmə işinin 90 faizi ölkənin öz daxili imkanları hesabına aparılır. Düzdür, xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar da Azərbaycana dəstək göstərməyə çalışır.
Bu ilin may ayında Bakıda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda ikinci beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sədrlik etdiyimiz Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir".
Onu da qeyd edək ki, bu ilin fevral ayında Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihə reallaşdırılıb. Layihə üçün 4,25 milyon avro maliyyə töhfəsi verən Avropa İttifaqı bu günə qədər Azərbaycanda minatəmizləmə əməliyyatlarına ən böyük dəstək verən beynəlxalq təşkilatdır. Dünyada 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq qalır. Onlardan biri də Azərbaycandır. Ölkəmiz bu sahədə işlərini öz daxili gücü hesabına həyata keçirir. Hətta bu sahədə bəzi dövlətlərlə təlimlərdə də iştirak edir. Belə ki, minatəmizlənməsi sahəsinə qadınların da cəlb edilməsilə təlimlər uğurla başa çatmışdır. Göründüyü kimi, ölkəmiz bütün gücü ilə prosesin tez bir zamanda başa çatmasına çalışır.
Ramidə YAQUBQIZI,
"Respublika".