Keçən əsrin 70-80-ci illərini yaxşı xatırlayıram. O illəri haqlı olaraq Azərbaycanın "qızıl dövrü" adlandırırlar. Respublikamızın müdrik rəhbəri Heydər Əliyevin yorulmaz səyləri, titanik fəaliyyəti sayəsində iqtisadiyyatın bütün sahələrində möhtəşəm qələbələr əldə olunur, Azərbaycan illəri qırmızı bayraqlarla yola salan, qabaqcıl, nüfuzlu bir məmləkət kimi keçmiş ittifaqda tanınırdı.
Ümummilli lider ölkənin sosial-iqtisadi, mədəni inkişafı ilə yanaşı, gənc nəslin təhsilinə, kadrların gənclər arasında seçilib hazırlanmasına, yüksəkixtisaslı, peşəkar kadr potensialının yaradılmasına xüsusi önəm verirdi.
Mən Masallı rayonunun II Yeddioymaq kəndində kasıb bir ailədə böyüyüb boya-başa çatmışam. Atamı 3 yaşım olanda itirmişəm. Dörd uşaq, ailəmizin bütün yükü məktəbdə xadimə işləyən anamın çiyninə düşmüşdü. Çətinliklərlə, maddi sıxıntılarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib doğma rayonumuza təyinat almışdım.
1969-cu ilin avqust ayı idi. Rayon təhsil şöbəsinə kənddə müəllim işləmək üçün əmrimi almağa getmişdim. Həmin gün "Kommunist" qəzetində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin avqust plenumunda məruzəsi dərc olunmuşdu. Məruzəni bir neçə dəfə diqqətlə oxudum. Rəhbərin obyektiv, cəsarətli çıxışı, respublikada neqativ hallara qarşı barışmaz mövqeyi ürəyimdən xəbər verirdi. O vaxtdan Heydər Əliyevi özümə ideal seçib, Azərbaycanı uğurlu, işıqlı gələcəyə aparan rəhbər kimi sevməyə başladım.
Ümummilli lider XX əsrin nadir, fenomen şəxsiyyətləri arasında birincilərdəndir, o dövrdə Azərbaycanın yetirdiyi dünyamiqyaslı dahi şəxsiyyətdir. Məhz onun gənclərə göstərdiyi yüksək qayğı sayəsində sadə kənd müəllimliyindən Masallı rayon komsomol komitəsinin əvvəl şöbə müdiri, sonralar birinci katibi, rayon xalq deputatları soveti icraiyyə komitəsi sədrinin birinci müavini və digər məsul vəzifələrə irəli çəkildim. Yeganə komsomol katibi olaraq keçmiş SSRİ-nin ən nüfuzlu "Şərəf nişanı" ordeni ilə təltif olundum. Özümü xoşbəxt sayıram ki, bir neçə dəfə Heydər Əliyevin rəhbərliyi ilə keçirilən respublika tədbirlərində iştirak edib rəhbərin dərinməzmunlu, proqram xarakterli məruzələrini, çıxışlarını dinləmişəm. 1978-ci ilin mart ayında keçirilən Azərbaycan komsomolunun XXX qurultayında iştirakım və rəyasət heyətinə seçilməyim həyatımın ən unudulmaz günlərindən biridir. Qurultayın rəyasət heyətində möhtərəm Heydər Əliyevlə yanaşı, digər rəhbər şəxslər, ÜİLKGİ MK katibi, qonşu respublikaların komsomol təşkilatlarının birinci katibləri, SSRİ-nin təyyarəçi kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı V.M.Jolobov və s. rəsmi şəxslər əyləşmişdilər.
Qurultayın ikinci günü ulu öndərin dərinməzmunlu, əhatəli nitqi sürəkli alqışlarla qarşılandı. Ölkənin inkişafında gənclərin rolunu yüksək qiymətləndirən Heydər Əliyev gənclərin mənəvi tərbiyəsində yol verilmiş nöqsanlara toxundu.
Azərbaycanın müdrik rəhbəri söylədiyi proqram xarakterli nitqində Bakı Dövlət Universitetinin hüquq fakültəsində yaranmış vəziyyəti kəskin tənqid edərək bildirdi ki, hüquq fakültəsinə qəbul zamanı fəhlə sinfinin və kolxozçu kəndlilərin nümayəndələrinin faizi həmişə yüksək olmalıdır.
Gənclərin qarşısında duran vəzifələrdən də geniş danışan ümummilli lider istedadlı gənclərin üzə çıxarılmasına və inkişafına qayğı göstərməyin vacibliyini diqqətə çatdırdı. Gənclərin estetik tərbiyəsi, teatra, musiqiyə, incəsənətin digər sahələrinə məhəbbət hissinin tərbiyə edilməsi işinin gücləndirilməsinin zəruriliyini qeyd etdi.
Həmin qurultayda mənə də söz verildi. Çox həyəcan keçirirdim. Ulu öndərin qarşısında çıxış etmək böyük məsuliyyət tələb edirdi.
Dahi rəhbər keçirilən tədbirlərdə bütün çıxışları diqqətlə dinləyir, yekun nitqində fikirlərini, irad və tövsiyələrini söyləyirdi. Yadımdadır, respublika fəallarının yığıncağında bir nəfər Ermənistanda azərbaycanlıların sıxışdırılmasından danışdı. Heydər Əliyev Respublika Üzümçülük və Şərabçılıq Komitəsinin sədri Yuniz Rzayevə tapşırdı ki, sabah Yerevana getsin. Dedi ki, Dəmirçiyana tapşıraram səni qəbul eləsin, dinləsin və tədbir görsün.
Ümummilli lider Vətəninə, xalqına qırılmaz tellərlə bağlı ən böyük azərbaycanlı