Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. “Zaferoğlu Eklektrik” MMC olaraq fəaliyyət göstərəcək yeni müəssisədə, “LED” lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müəssisədə yaradılan şəraitlə tanış olub. Sahibkar Zəfər Məmmədov zavod haqqında və burada görülən işlər barədə şəhər rəhbərinə ətraflı məlumat verib. O bildirib ki, binada aparılan təmir işlərinin 80 faizə yaxını artıq yekunlaşıb və yarım ay ərzində dəzgahların quraşdırılmasına başlanılacaq.
Burada istehsal olunacaq “LED” lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək. Sonra, Zəfər Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq. “Bununla yanaşı, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında zavodda istehsal olunacaq “LED” lampalar gömrük rüsumundan azad ediləcək. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək investisiya təşviq sənədi ilə xaricdən gətirəcəyimiz dəzgahlar üçün də gömrük rüsumu tələb edilməyəcək” - deyə o qeyd edib. Göstərilən bu dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə və şəhər rəhbərliyinə təşəkkür edən Zəfər Məmmədov, sahibkarlara da çağırış edib: “Gəncə İş Adamları” İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa çağırıram”.
Qeyd edək ki, “Zaferoğlu Eklektrik” MMC-in cari ilin oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunacaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması nəzərdə tutulur.
Zabit XƏLİLOV,
“Respublika”.