Son illər Türkiyə böyük inkişaf yolu keçərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Dünya ölkələrinin əksəriyyətində kəskin böhran yaşandığı, ölkələrin idarəolunmaz hala gəldiyi bir vaxtda qardaş ölkə qarşıdakı illərə yüksək inkişaf tendensiyası ilə inamla irəliləyir, nəhəng layihələr həyata keçirir. Rəcəb Tayyib Ərdoğanın sayəsində bu gün Türkiyə dünyada güc mərkəzi, bölgədə söz sahibidir.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin diplomatiya sahəsindəki uğurlarından danışaraq deyib: "... Dünyanın ən xeyriyyəçi xalqı və ən çox inkişafa yardım edən üç ölkədən biri olaraq biz, misli görünməmiş beynəlxalq dəstək və məhəbbət qazanmışıq. Bu həmrəylik diplomatiyası bizim təşəbbüskar, humanist, xeyirxah və səmərəli xarici siyasətimizin nəticəsidir. Əslində, diplomatiyamız qədim tarixi dövlət ənənələrini dövrün ruhu ilə yoğuran uzaqgörən münasibətdir. Min illər boyu 16 böyük imperiya quran türk milləti zəngin diplomatik təcrübəyə sahibdir. Türk olan yerdə dövlət var, dövlət olan yerdə isə diplomatiya var. Çünki türk dili tarix deməkdir".
2014-cü ildən etibarən ölkəyə rəhbərlik edən Rəcəb Tayyib Ərdoğan böyük, güclü Türkiyə üçün var gücü ilə çalışaraq ölkəni bugünkü inkişaf səviyyəsinə yüksəltmişdir. Belə ki, Ərdoğanın hakimiyyəti illərində ölkə iqtisadiyyatı dinamik sürətlə inkişaf etmiş, adambaşına düşən milli gəlir 3 min 600 dollardan 10 min 650 dollara qalxmışdır. Dövlətin illik ixrac həcmi 36 milyard dollardan 255 milyard dollara çatmış, kənd təsərrüfatının ümumi daxili məhsulu 407 milyard lirəni keçmişdir. Eyni zamanda, Mərkəzi Bankın ehtiyatları ümumilikdə 115 milyard dollar olmuş, məşğulluq səviyyəsi 32 milyon həddinə çatmışdır. Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə hər il 51,5 milyon turisti qəbul edir. Bütün bunların təzahürüdür ki, Türkiyə tarixinin ən böyük nəqliyyat, müdafiə, texnologiya, enerji, səhiyyə, mənzil və ekoloji layihələrinə imza atır.
Son 20 ildə Türkiyə ikitərəfli münasibətlərini və beynəlxalq təşkilatlarda mövqeyini gücləndirərək regionun mühüm geosiyasi oyunçularından birinə çevrilməyi bacarıb. 90-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində Türkiyə ilə türk dövlətləri arasında məhdudlaşdırılmış mədəni əlaqələr bu gün Türk Birliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində davam etdirilir. 2009-cu ildə Türkiyə regionda daha təhlükəsiz və təsiredici gücə malik institusional baza yaratmağa nail oldu. Həmin il türkdilli dövlət başçılarının Naxçıvanda keçirilən illik sammitinin formatı dəyişdirilərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına çevrildi. Türk Şurasının yaranması ilə Türkiyə regionda institusional güc mərkəzi kimi rolunu daha da artırdı.
Bu müddət ərzində beynəlxalq nizamda mühüm siyasi və hərbi gücə çevrilməsi Türkiyə ilə türk dünyası arasındakı münasibətlərdə strateji baxımdan mühüm faktor oldu. Din, dil, soykök baxımından ortaq olan Türkiyə ilə əlaqələrin qurulması daha vacib amil olaraq özünü göstərdi. Beləliklə, Türkiyə ilə türk dövlətləri arasında münasibətlər AK Partiyanın hakimiyyətə gəldiyi 2002-ci ildən etibarən davamlı xarakter aldı və bu gün xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər iqtisadi, siyasi və hərbi aspektlərdən özünün inkişaf dövrünü yaşayır. Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində Türkiyə qısa müddətdə Orta Asiya və Qafqazda bu ölkələr ilə diplomatik əlaqələrdə dörd əsas xətt - dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi, özəl sektorun ticarət potensialının genişləndirilməsi, akademik əməkdaşlığın gücləndirilməsi və cəmiyyətlər arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması prioritet olaraq müəyyənləşdirilib.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri iki dövlət arasında əlaqələrin bu səviyyəyə çatmasında ən mühüm amillərdən biridir. Azərbaycan neftinin və təbii qazının Qərb bazarlarına nəqli istiqamətində göstərilən səylər nəticəsində Bakı-Tbilisi-Ceyhan boru kəməri və TANAP layihəsi reallaşıb, iki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı investisiyaların həcmi artıb. İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana hərbi və siyasi dəstəyi, 44 günlük