Fəal beynəlxalq əməkdaşlıq
Siyasət

Fəal beynəlxalq əməkdaşlıq

Ölkə başçısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti dekabrın 12-dək davam edəcək. Konfransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələləri əhatə edir. Bununla belə, konfrans çərçivəsində iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur. Bu il BƏƏ-nin sədrlik etdiyi COP28-də 180-dən çox dövlət və hökumət başçısı iştirak edir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizə sahəsində əldə edilən nailiyyətləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da bu razılaşmaya qoşulub. Dubayda keçirilən tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 60 mindən çox nümayəndə qatılıb. Azərbaycanın genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Ölkəmiz ilk dəfə sözügedən tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunur. Önəmli məqam odur ki, Hökumətlərarası İqlim Dəyişikliyi Konfransının 60-cı toplantısı İstanbulda keçiriləcək. Türkiyə yanvar ayında bu tədbirə ev sahibliyi edəcək.

"Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz vardır". Bu fikirlər Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alır.

Ölkə başçımız möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərin və səmərəli, çoxşaxəli əməkdaşlığın xalqlarımızın mənafeləri naminə bundan sonra da uğurla inkişaf etdirəcəyinə əminliyini ifadə edib. Dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə, birgə fəaliyyətimizin yeni məzmunla zənginləşdirilməsinə böyük önəm verən Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsini ətraf mühitin qorunması ilə bağlı qlobal səylərə töhfəsinin nümunəsi kimi dəyərləndirib.

Beynəlxalq aləmdə nüfuzu durmadan artan Azərbaycan etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa və Asiya ölkələri, türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə böyük tarixi-mədəni bağlılığı var. Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ən yüksək səviyyədədir.

Azərbaycanla BƏƏ arasında münasibətlər son illər bir çox sahələrdə uğurla inkişaf etməkdədir. Bu inkişaf xüsusilə ticari-iqtisadi, o cümlədən turizm, enerji sahələrində nəzərə çarpır. Yüksək səviyyəli siyasi münasibətlər, mövcud müqavilə-hüquq bazası, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir. Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin təzahürüdür. Dubay şəhərində 2017-ci ildən ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Hər il Dubayda çoxlu sayda sərgilər və müxtəlif tədbirlər keçirilir və Azərbaycanın iş adamları tədbirlərdə iştirak etməklə yeni biznes əlaqələri qurur, eləcə də Yaxın Şərq bazarına çıxırlar. Azərbaycan "Expo 2020 Dubai" beynəlxalq sərgisinə dəstək verən ilk ölkələrdəndir. Dünyanın ən böyük sərgilərindən olan "Expo 2020 Dubai"da ölkəmiz "Gələcəyin toxumları" mövzusu ilə geniş pavilyonda təmsil olunub. Birləşmiş Ərəb Əmirliklərinin iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanırlar. Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə BƏƏ-nin biznes dairələri də iştirak etməkdə maraqlıdırlar. Hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Yeni əməkdaşlıq sferalarından biri də yaşıl enerjidir. Qaradağ Günəş Elektrik Stansiyasının Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmi xüsusi qeyd edilməlidir. 230 meqavat gücündə olan stansiya Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji və regionda ən böyük günəş elektrik stansiyasıdır. Ölkə başçısı vurğulayıb ki, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir və təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Mustafa KAMAL,

"Respublika".