Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasındakı çıxışı ilə öz "siyasi çəkisini" bəlli etdi. Belə ki, o, kifayət qədər mötəbər bir tədbirdə Rusiya Prezidenti Vladimir Putinin sözünü kəsdi, digər iştirakçılara da hörmətsizlik edərək tamamilə məntiqsiz fikirlərlə “qəhrəmana” çevrildi. Xüsusilə dövlət başçılarının mimikaları Paşinyanın özünü necə alçaltmasından xəbər verirdi. Bu hadisə və ölkədə baş alıb gedən Paşinyan hakimiyyətinin səriştəsizliyi ilə bağlı məsələlər Ermənistan mediasında geniş yer alıb.
"Hraparak" nəşri mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Nikol Paşinyanın əsassız fikirlərini tənqid edən yazı dərc edib. Məqalədə qeyd olunur: "Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyana təslim olmur və bəyan edir ki, Ermənistanın bundan qaçmaq cəhdlərinə baxmayaraq, Zəngəzur dəhlizi açılacaq". "Hraparak" bildirir ki, Paşinyan hökuməti dəfələrlə bəyan edib: "Biz regionda kommunikasiyaların açılmasının tərəfdarıyıq, lakin hər hansı dəhlizin açılmasından söhbət gedə bilməz". Rəsmi İrəvanın bu fikirlərinin yalan olduğunu bildirən nəşr yazının sonunda Paşinyanın hərəkətlərini tarixi oyun adlandırıb və Rusiya Prezidenti Vladimir Putinin ona baxışları belə şərh olunub: "Guya Zəngəzur dəhlizindən xəbərin yoxdur?!..".
Bununla yanaşı, "Hraparak" keçmiş erməni liderlərinin və Nikol Paşinyanın cinayət əməllərini ifşa edən geniş məqalə də yayımlayıb. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və Nikol Paşinyan dinc əhaliyə və müxalifətçilərə qarşı cinayət əməli törətməkdə günahlandırılıblar. "Çevik manipulyator" və "layiqli davamçı" adlandırılan Nikol Paşinyan haqqında isə "hakimiyyətə demokratiya şüarları ilə gəlsə də, dərhal sələflərinin bəzi "adət" və "taktikalarını" özünə götürdü" ifadəsi istifadə edilib. "O, Ter-Petrosyanın insanlara və cəmiyyətə qarşı biganəliyini miras alıb və onu narahat edən hər kəsi ayaqları altında tapdalamağa hazırdır. Sonrakı prezidentlər kimi bütün ölkəni polis dövlətinə çevirdi. Polis dəyənəyi bu gün bütün ölkədə, hətta Milli Məclisin zalında ən çox istifadə olunan alətlərdən biridir. Müharibədə ölənlərin analarına belə aman verilmir. Paşinyan Ermənistanın yeganə lideridir ki, açıq şəkildə zorakılığa çağırır və hədələyir. Siyahını davam etdirmək olar, amma unutmayaq ki, o, həm də Serj Sarkisyanın nəslindəndir".
Digər bir erməni xəbər saytı Pastinfo xəbər verir ki, Ermənistanın ilk xarici işlər naziri, "İrs" partiyasının sədri Raffi Hovhannisyan keçirdiyi mətbuat konfransına deyib: "Təəssüflər olsun ki, xalq və dövlət bir şəxsin mülkiyyətinə çevrilib". O, əlavə edib ki, biz öz əlimizlə dövlətçiliyi itirməklə qarşı-qarşıyayıq. N.Paşinyan açıq-aydın bizi fəlakətə sürükləyir. Bütün bunlarla bağlı dövlət orqanları heç bir tədbir görmür: "Keçmiş prezidentlərin səhvləri, qüsurları olub, mən də onları tənqid etmişəm. Amma heç biri dövlət sərhədimizi qeyri-müəyyən hala salmayıb". Hovhannisyan hesab edir ki, indiki rəhbərlik, sadəcə olaraq, hakimiyyətdə qalmaq üçün vətəni satmağa hazırlaşır. Onlar ölkəni müharibə ilə üz-üzə qoymamaq üçün yox, ancaq hakimiyyətdə qalmaq üçün sülh istəyirlər.
Yerkir.am xəbər saytında isə Artak Zakaryan qeyd edib ki: "İndi Paşinyan Ermənistanın təhlükəsizliyini Azərbaycana verir, Azərbaycanın mövqelərini gücləndirir". Qarabağ haqqında danışan keçmiş nazir müavini bildirib ki, Nikol Paşinyanın təkbaşına və ya siyasi satqınlarının kiçik bir qrupu ilə xalqın adından belə bəyanat verməyə haqqı yoxdur. Həmçinin o vurğulayır ki, Paşinyanın bütün fəaliyyəti dövründə verdiyi bəyanatların 99 faizi yalan və manipulyasiya xarakteri daşıyır: "Cəmiyyəti parçalamaq, düşmənçilik toxumu səpmək onun əsas peşəsidir. O, öz siyasi qrupu ilə birlikdə daim günahkar axtarır, bu şəkildə məsuliyyət öz üzərindən atır