XX əsrin bəlası - Deportasiya
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və erməni şovinistləri tərəfindən törədilmiş soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində soydaşlarımız indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədində bufer xristian dövləti yaratmaq siyasətinə zidd idi. Elə bu səbəbdən də Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya imperiyası erməniləri kütləvi şəkildə Azərbaycanın İrəvan şəhərinə, Göyçə mahalına, Zəngəzura və Qərbi Azərbaycanın digər ərazilərinə köçürmüşlər. Rusiya imperiyasının həyata keçirdiyi bu qanlı siyasət Azərbaycanın qədim tarixi torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı.
Türkmənçay müqaviləsi təsdiq edildikdən sonra I Nikolay "erməni vilayəti" yaradılması haqqında fərman imzaladı. Fərmanda deyilirdi: "İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra "erməni vilayəti" adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır".
Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin yerüstü və yeraltı sərvətləri ilə daim yadellilərin diqqətini cəlb etmişdir. Müxtəlif tarixi dövrlərdə erməni şovinistləri xalqımıza qarşı qanlı cinayətlər törətmişlər. XX əsrdə haylar havadarlarının dəstəyi ilə Qərbi Azərbaycanda analoqu olmayan qırğınlar aparmış, torpaqlarımız zəbt edilmişdir. Azərbaycan xanlıqları içərisində təkcə İrəvan xanlığı bir qədər müstəqil idi. Qafqazın baş hakimi A.N.Yermolov isə bu vəziyyətlə barışa bilmirdi. O, nəyin bahasına olursa olsun, İrəvan xanlığını da məhv etmək və əhalisini rus tabeliyinə keçirmək istəyirdi.
1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın əksər rayonlarında olduğu kimi, Qərbi Azərbaycan ərazilərində də dinc əhaliyə qarşı soyqırımı törətdilər.
Amasiya rayonunun ərazisində min illər boyu azərbaycanlılar yaşamışlar. 1918-ci ildə daşnaklar Amasiyada da qırğınlar törətmiş, soydaşlarımız doğma yurdlarını tərk edərək Türkiyə, Gürcüstan və başqa ölkələrə üz tutmuşlar. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə amasiyalıların müəyyən hissəsi yenidən doğma yurdlarına qayıtmışlar. Qeyd etmək lazımdır ki, həmin vaxtlar Azərbaycanın Zəngəzur mahalı qeyri-qanuni olaraq Ermənistana bağışlanmışdır.
1943-cü ildə üç dövlətin (SSRİ, ABŞ və İngiltərə) Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ Xarici İşlər naziri V.Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə versinlər. İ.V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q.Harutyunov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail olur. Bununla da Qərbi Azərbaycandan 150 min soydaşımız 1948-1953-cü illərdə "könüllülük" pərdəsi altında tarixi etnik torpaqlarından köçürüldü. Qərbi azərbaycanlılar yenidən deportasiya ilə üzləşdilər. Köçürülmə prosesi İ.Stalinin ölümündən sonra dayandırıldı.
1980-ci illərin sonlarında Sovet hakimiyyəti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu öndər Heydər Əliyevin mərkəzi hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri və həm onların sovet hakimiyyətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırıldıqdan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti haylara dəstək oldu və Qərbi azərbaycanlılar 1988-ci ildə öz tarixi torpaqlarından deportasiya edildilər.
24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Bu tədbirdə ölkə başçısı dedi: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin".
Vətən müharibəsində cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad edildi. Paşinyanın komandası iflasa uğradı, "dəmir yumruq" haylara dərs oldu. İndi isə ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır. Bu məqsədlə geniş iş aparılır.
Əslim Qərbi Azərbaycanın Amasiya bölgəsindəndir. Köç karvanlarına qoşulub ata-baba yurdumuza dönəcəyimiz günü səbirsizliklə gözləyirəm.
Fədai SƏFİYEV,
İstanbul şəhəri, iş adamı.