Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilib.
Bu barədə verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov mərasimdə çıxış edərək, Ulu Öndərin iqtisadi inkişaf strategiyasından danışıb. Qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, ölkə iqtisadiyyatı labüd fəlakətdən, hərc-mərclikdən xilas edildi. İndi Azərbaycan iqtisadiyyatı sürətli inkişafı ilə seçilir. Azərbaycanın strateji valyuta ehtiyatları 2003-cü illə müqayisədə bu ilin aprel ayına 41 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Son illər dünyada baş verən iqtisadi və siyasi çağırışlara baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, maliyyə-bank sisteminin möhkəmləndirilməsinə nail olunub.
Mərkəzi Bankın sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin dövlətçilik tariximizdəki yerindən söz açıb. Qeyd edib ki, onun ölkəyə rəhbərliyinin birinci dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyuldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə olan makroiqtisadi sabitliyik bərpa olundu, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı, məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrildi. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı. Maliyyə stabilliyinin təmin edilməsi ilə əhalinin bank sisteminə inamı bərpa olundu.
Bildirilib ki, bütün bu addımlar sayəsində müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi bu gün artıq reallığa çevrilib. Heydər Əliyev dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaqdır.
Sonra "Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür" filmi nümayiş etdirildi.
Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, "AzərGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ölkəmizin inkişaf strategiyasının işlənməsində və həyata keçirilməsində Heydər Əliyevin rolundan bəhs etdilər.
Çıxışlardan sonra yeni pul nişanları barədə videoçarx təqdim olundu.
Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan etdi.
Qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən tədavülə buraxılmasını elan edib. Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib.
Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və "Heydər Əliyev" yazıları, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Məlumatda qeyd olunur ki, ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçiriləcək