- Telli xanım, sizi daha yaxından tanımaq istəyən oxuculara sözünüz?
- Məni sevdiklərinə, unutmadıqlarına görə hər kəsə, həm oxucularıma, həm də tamaşaçılarıma bu sədaqət üçün təşəkkür edirəm.
Qərbi Azərbaycandan olsam da, ömrümün böyük bir hissəsini Bakıda yaşayıram. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyandan mətbuatda çıxış eləmişəm, "Bakı", "Azərbaycan gəncləri" qəzetlərində, "Azərbaycan qadını" jurnalında mütəmadi yazılarım dərc olunub. Onda heç ağlıma da gəlməzdi ki, nə vaxtsa taleyimi bu sirli-sehrli və möcüzə dolu yaradıcılıq sahəsi ilə bağlayacaq, məhz telejurnalist kimi tanınacaq, məşhurlaşacağam.
Bu gün fəxrlə açdığım qapılara uzanan yollarda o qədər maneələr, haqsızlıqlar görmüşəm ki... Şükür ki, Allah mənə dözüm və səbir də verdi ki, bu imtahanlardan şərəflə çıxa bildim. 1980-ci ildən adıma əmək kitabçası açılan ünvanı dəyişmək heç ağlımın ucundan da keçməyib.
- Ötən bu illərdə televiziya sizə, siz televiziyamıza nə verdiniz?
- Televiziya məni bütün Azərbaycana tanıtdı! Mən də bütün Azərbaycan ailələrinin “çağırılmamış qonağı” kimi evlərin yuxarı başında qoyulmuş TV ekranından boylansam da, onları necə sevdiyimi, dəyərləndirdiyimi, çətin anda, dar gündə yanlarında olduğumu işimlə, əməyimlə, səmimiyyətimlə, dürüstlüyümlə göstərməyə çalışdım ki, bu sevgiyə, ehtirama layiq olduğumu hiss etdirə bilim.
- Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra televiziya məkanında yeni, müstəqil telekanallar fəaliyyətə başladı. Peşəkar televiziya işçisi kimi teleməkanımızın hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Dünya dəyişir, inkişaf edir, sərhədlər yox olduqca, ölkələr arasında yeni əlaqələr yarandıqca biz də özümüzü bu planetin bir parçası saymağa məcburuq və bir vaxtlar ikrahla "kapitalist ölkələri" dedikləri yeni dünya ilə o vaxt tərkibində olduğumuz SSRİ adlanan ittifaqın "təbliğat" maşınının bizə "tanıtdığı" ölkələrin əslində böyük bir inkişaf yolu keçdiyini gördük, o ölkələrdən öyrənməyə çalışdıq. Yeni telekanalların yaranması da zamanın tələbi idi və düşünürəm ki, bu da inkişafımız yolunda daha bir addım oldu. Təqdir edirəm, onların fəaliyyətini, ancaq həmkarlarımın daha çox peşəkar və yetərincə savadlı olmasını arzulayıram.
- Telli Pənahqızı ötən bu illərdə öz tamaşaçılarına bütün istədiklərini deyə bilibmi, yoxsa hələ deyəcəkləri var?
- Ölkəmiz üçün ən çətin dönəmlərdə bir çoxlarının cəsarət edib deyə bilmədiklərini məncə, deyə bildim. Bəlkə insanların mənə olan sevgisinin əsasında da elə bu dayanır.
- Siz həm də Teleradio Akademiyasının rektorusunuz. Bununla da bağlı fikirləriniz maraqlıdır.
- Bu Akademiya teleradio məkanında işləmək həvəsi və yaradıcılıq qabiliyyəti olan gənclər üçün təşkil olunmuşdur və biz təkcə özümüz üçün deyil, həm də bu gün ölkəmizdə fəaliyyət göstərən bütün televiziya və radio kanalları üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayırıq. Bilirsiniz ki, televiziyada və radioda çalışmaq üçün təkcə xarici görkəm və ya yaxşı dil qabiliyyəti kifayət etmir. Həm televiziya, həm də radio çoxprofilli, həm də spesifik xüsusiyyətlərə malik mürəkkəb bir orqanizmdir. Dediyim kimi, təkcə yazı yazmaq və ya radio mikrafonu qarşısında oturmaqla iş bitmir, bizim işimiz həm də operatorun, rejissorun, montajçının, redaktorun, musiqi tərtibatçısının, işıqçının və digər mütəxəssislərin işindən də asılıdır. Sadaladığım bax bu sahələr üzrə yaxşı mütəxəssis hazırlamaq çox vacib olduğu üçün biz əlimizdən gələni əsirgəmirik. Həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən mütəxəssisləri dəvət edir, onların tövsiyələrini dinləyir, təcrübələrindən bəhrələnirik. Bu gün bizdə təhsil alan gənclər arasında maraqlı və orijinal dəst-xətti olan gənclər var, onlar əminəm ki, sabah Azərbaycanımızın teleradio sənayesində əhəmiyyətli rol oynayacaqlar.