Ermənistan hər fürsətdə bizə qarşı xain planlarını həyata keçirməkdə israrlıdır. Hansı yollarla olur-olsun Azərbaycana zərbə vurmağa, mahiyyətindən asılı olmayaraq terror hadisələri törətməyə çalışır.
44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən sonra bu dövlət özünü itirib sanki. İndi də Naxçıvanla həmsərhəd bölgədə, eyni zamanda Türkiyə ilə sərhəddə Arazdəyən deyilən yerdə zavod tikməyi planlaşdırır. 70 milyon dollarlıq metallurgiya zavodu ABŞ sərmayəsi ilə inşa ediləcək. Zavodun inşası geniş ərazidə ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli maddələrlə çirklənməsinə səbəb olacaq. Əlbəttə ki, bu da istər Naxçıvan, istərsə də lap yaxınlıqda olan Sədərək rayonu üçün təhlükəlidir.
Arazdəyən deyilən yer vaxtilə azərbaycanlıların yaşadığı qədim məskənlərimizdəndir, ərazi Araz çayının kənarında yerləşir. Sözsüz ki, zavod fəaliyyəti zamanı zərərli tullantılar Araz çayına axıdılacaq. Bu isə birbaşa Azərbaycan təbiətinə qarşı ekoloji terrordur.
Ekoloji terror hadisəsi Ermənistan tərəfindən ilk dəfə deyil törədilir. Qarabağ torpaqlarını 30 il işğal altında saxlayan üzdəniraq dövlət həmin müddətdə Azərbaycan təbiətinə ciddi ziyan vurmuşdur. Hələ 1988-ci ildə Topxana meşəsini yandırıb məhv etməyə çalışan Ermənistan sonrakı mərhələdə daha ağır cinayətlərə əl atdı. Qarabağda olan zəngin meşə örtüklərini məhv edib qiymətli ağac növlərini doğrayıb xarici bazarlara xammal kimi satdı. Murdar erməni tapdağına dözməyən saysız-hesabsız bulaqlar, çeşmələr qurudu. Qırmızı kitaba düşən nadir heyvan növlərinin kökü kəsildi. Çaylarımızın məcrasını dəyişmək azmış kimi, zəhərli tullantı maddələri axıdıldı. Oxçuçay suları erməni vəhşiliyinə məruz qaldı. Hazırda da Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə Oxçuçay hədsiz dərəcədə çirkləndirilir, mədənin çirkli suları təmizlənmədən birbaşa çaya axıdılır. Çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatları ölkəmizdə istifadəyə yararsız hesab olunur. Oxçuçayın suları isə Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür.
İndi də ermənilər Sədərək rayonu yaxınlığında Arazdəyən ərazisində növbəti ekoloji terror həyata keçirmək istəyirlər. Əgər bu, baş tutarsa, Arazın suları tamamilə zəhərli maddələrlə çirklənəcək, çayda olan bütün canlılar məhv olacaq. Dadı və növü ilə fərqlənən balıqların nəsli kəsiləcək. Eyni zamanda, bu, əkinçilik və maldarlıq üçün də ciddi fəsadlar törədəcək. Təhlükənin miqyası fikirləşdiyimizdən də böyükdür. Çünki Araz çayından ölkəmizdə həm suvarma sahəsində geniş istifadə edilir, həm də maldarlıq üçün əlverişlidir. Arazboyu ərazilərdə geniş otlaq sahələri var. Əgər həmin zavodun zəhərli tullantıları Araza axıdılsa, bu, ölkəmizdə böyük fəlakətə səbəb olacaq. Ötən illərdə ermənilər buna bənzər daha bir hadisə törətmişdilər. Belə ki, Araz çayının bir qolu olan "Şir Arxı"nın ermənilər tərəfindən çirkləndirilməsi canlıların məhvinə səbəb olmuşdur.
Zavodun inşası insanların bir çox yoluxucu xəstəliklərə tutulmasına da səbəb ola bilər. Əslində, ermənilər Araz çayını mütəmadi olaraq ekoloji terrora məruz qoyurlar. Çay Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Aparılan araşdırmalara görə, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.
Finlandiyanın Espo şəhərində imzalanmış "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"nın şərtlərinə görə, ölkənin öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, Azərbaycanın da müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.
Anlaşılan odur ki, Ermənistan bu addımı ilə nəinki, Azərbaycanın təbiətinə qarşı ekoloji terror, eyni zamanda, birbaşa genefondumuza ağır zərbə vurmaq istəyir