Dünyada siyasət adı altında terroru dəstəkləyən bir çox dövlətlər mövcuddur. Onlardan biri də mənfur qərb qonşumuz Ermənistandır. Uzun illər ərzində törətdikləri soyqırımları, 30 illik işğal dövründə mədəni irsimizə qarşı olan vandallıq nümunələri, Qarabağın füsunkar təbiətinə vurduqları ziyan düşmənin iç üzünün ifşasıdır. Sadaladıqlarımıza aydınlıq gətirmək üçün işğalçı ölkədə fəaliyyət göstərən terror təşkilatlarına nəzər yetirmək kifayətdir. Belə ki, dövlət siyasəti səviyyəsinə yüksəlmiş terrorçuluq əsasən ASALA və digər erməni təşkilatları tərəfindən törədilir. 1970-1980-ci illəri təhlil etsək, sözügedən təşkilatların dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törətdiklərini, 24 türk diplomatını qətlə yetirdiklərini görmək mümkündür. Şübhəsiz, düşmənin xain əməlləri sadəcə bunlarla da yekunlaşmır.
Ermənistan 1980-ci illərin sonundan etibarən ölkəmizdə metro və avtobusların partladılması kimi 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törətmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu xain planların qurbanı isə dinc, əliyalın əhali olmuşdur. Düşmənin illər ərzində yürütdüyü məkrli siyasətə baxmayaraq, Azərbaycan daim sülh tərəfdarı olmuş, münaqişəni dinc yolla həll etməyə çalışmışdır. Amma Ermənistan sülhün təmin olunmasına imkan vermədiyindən Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında Ermənistana dərs vermiş, dövlətimizin, ordumuzun qüdrətini bir daha sübut etmişdir.
Hazırda bütün səylər Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasına yönəlsə də, düşmənin xisləti dəyişməz olaraq qalır. Belə ki, qərb qonşumuz öz terrorçuluq siyasətindən əl çəkmək istəmir, hətta onun təbliğatı ilə məşğul olur. Bu il aprelin 25-də İrəvanda "Nemezis" terror əməliyyatına həsr olunmuş abidənin açılışının keçirilməsi bunu bir daha təsdiqləmişdir. Vaxtikən türklərə qarşı yönəlmiş bu hərəkatın adı qədim yunanların intiqam ilahəsi "Nemezidanın" adından götürülmüşdür. Daşnaksütyun partiyası tərəfindən bu hərəkat qondarma erməni soyqırımı və guya Bakıda 1918-ci ildə "öldürülən" ermənilərin qisasını almaq üçün başladılmış, Osmanlı imperiyasının, Azərbaycan Xalq Cümhuriyyətinin çoxlu sayda keçmiş rəhbərləri qətlə yetirilmişdir. Belə ki, Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir, Baş nazir Nəsib bəy Yusifbəyli də məhz bu hərəkatın qurbanına çevrilmişlər. Hətta Nemezisin iştirakçılarından olan Aram Yerqanyan həm Fətəli xan Xoyskinin, həm də Osmanlının kəşfiyyat və xüsusi xidmət orqanının məşhur simalarından olan Bahəddin Şakirin qatili idi. Bu cür qanlı qətliamlar törədən bir təşkilata abidə ucaldılması düşmənin hansı məzhəbə qulluq etdiyinin təzahürüdür. Digər diqqətçəkən vacib məqam Ermənistanın hakim partiya üzvlərinin və digər rəsmilərin "Nemezis" abidəsinin açılışında iştirakı idi. Bu, düşmənin bu gün də terrorçuluq siyasətini təşviq etdiyini, Ermənistanın neonasist, neofaşist bir dövlət olduğunu söyləməyə əsas verir.
Bu ilin mart ayında keçirilən Ermənistan-Türkiyə futbol matçındakı erməni azarkeşlərin üzərində "Nemezis" yazılmış plakatlar qaldırması da sözdə sülh tərəfdarı olduğunu bəyan edən, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istədiklərini dilə gətirən düşmənin saxtakarlığının göstəricisidir. Düşmənin bu mənfur əməli həm Azərbaycan, həm də Türkiyə tərəfindən sərt şəkildə tənqid edilmişdir.
Belə ki, bu il aprelin 26-da Azərbaycan XİN Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləmiş, həmin abidənin dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanmasını, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsini terrorçuluq siyasətinin təşviq olunması və ermənilərin tarix boyu həyata keçirdikləri terror əməllərinin təbliğatı kimi qiymətləndirmişdir. Aprelin 27-də Türkiyə XİN-in yaydığı bəyanatda Osmanlı hərbi-siyasi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidənin açılışı tənqid edilmiş, 31 diplomatımızın və onların ailə üzvlərinin qətlə yetirildiyi dəhşətli və qanlı terror aktının tərənnümü kimi qiymətləndirilmişdir.