10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatını müddəalarına əsasən Ermənistan heç bir öhdəliyinə əməl etmir. Əksinə, Qarabağ bölgəsində yenidən gərginlik yaratmağa, sülhə əngəl törətməyə çalışır.
Xainlik, düşmənçilik hissi onları rahat buraxmır. Bir tərəfdən də "dost" dövlətlərin şirnikləndirici vədləri gözlərini tutub. 30 illik işğal dövründə ermənilərin başının altına yastıq qoyan Minsk qrupu da bu işdə az rol oynamayıb. O üzdən də ermənilər indi Minsk qrupunun fəaliyyətinin bərpa edilməsini arzulayırlar. Məlum məsələdir ki, Minsk qrupu ötən 30 illik işğal dövründə heç bir müsbət nəticə əldə edə bilmədi. Bu da onun ermənipərəst mövqeyindən irəli gəlirdi. Lakin 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Minsk qrupunun və bir çox beynəlxalq təşkilatların edə bilmədiyi işi, cəmi 44 günə öz gücü və iradəsi hesabına həyata keçirdi, ərazi bütövlüyünü təmin etdi.
Əgər bu gün rəsmi İrəvan sülh danışıqlarına hazırdırsa, o zaman Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi ilə bağlı məsələlərdə üzərlərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Lakin Ermənistan bütün addımları və cəhdləri ilə nəinki bölgənin, həm də regionun sabitliyinə zərbə vurur. Azərbaycan isə hər zaman regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına çalışıb. Bu gün ölkəmiz Ermənistanın Qarabağ bölgəsində törətdiyi dağıdıcı və terror əməllərinin fəsadlarını aradan qaldırır, böyük tikinti-bərpa işləri aparır. Haylar isə yenidən gərginlik yaratmağa çalışır. Əli hər yerdən üzülən Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, regionun təhlükəsizliyinin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri pozur.
Hələ də onlara dəstək göstərən dövlətlərin şirnikləndirici vədlərinə aldanan haylar Qarabağ ərazisinə gizli yollarla silah daşımağa, silahlı dəstələr yerləşdirməyə cəhd edir. Azərbaycan tərəfinin bölgənin asayiş və təhlükəsizliyini qorumaq məqsədilə açdığı Laçın sərhəd-buraxılış məntəqəsi isə onların bu istiqamətdə "fəaliyyətlərinə" qarşı ən güclü sipərdir. Buna görə də dünyanı öz cəfəng yalanlarına inandırmağa çalışırlar ki, guya buraxılış məntəqəsində Azərbaycan tərəfi erməni vətəndaşlara qarşı qərəz nümayiş etdirir. Lakin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiasını birmənalı şəkildə rədd etdi. Haylar anlamır ki, Laçın dəhlizi Qarabağ ermənilərinin rahat gediş-gəlişini təmin etmək baxımından daha əlverişlidir. Laçın sərhəd-buraxılış məntəqəsi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün humanitar məqsədlə yaradılıb.
Ermənistanın Qarabağda sülhə nail olmaq prosesinə maneə törədən əməllərindən biri də ərazilərimizdə minaların basdırılmasıdır. Ermənistanın öz istehsalı olan bu minalar işğaldan azad edilmiş ərazilərdə kifayət qədər çoxdur. Dəfələrlə Azərbaycan qarşı tərəfdən mina xəritələrinin verilməsini tələb etsə də, onların təqdim etdiyi xəritə yalnız 25 faiz dəqiqliyindədir. Göründüyü kimi, Ermənistan bütün mümkün variantlarla Qarabağda sülhə əngəl törətməyə çalışır. Azərbaycan tərəfi isə hələ ki, səbir nümayiş etdirir. Ölkəmiz sülhün əldə olunması istiqamətində müsbət addımlar atdığı halda, Ermənistan xain, xəbis niyyətindən xilas ola bilmir. Qarşı tərəf anlamır ki, regionda sülhə nail olmaq və mehriban qonşuluq şəraitində yaşamaq ilk növbədə onların xeyrinədir. Belə ki, iqtisadi cəhətdən heç bir inkişafa nail olmayan Ermənistan sülh sazişinə əməl etdiyi zaman ölkəsinin inkişafını təmin edəcək.
Ermənistanın hazırkı mövqeyi və fəaliyyəti 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına tamamilə ziddir. Qonşu dövlət anlamır ki, hazırda regionun güc və söz sahibi Azərbaycandır. Ölkəmiz əzmlə regionda sülhə nail olmağa çalışır. Ermənistan isə, hər fürsətdə sülh prosesinə əngəl törədir. Dövlət başçımız İlham Əliyev məsələ ilə bağlı bütün çıxışlarında qətiyyətlə qeyd edir ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafın tərəfdarıdır. Qonşu dövlət prosesə mane olmaqdansa, gecikmədən sülh sazişinə razılıq verərək, onun bütün tələblərinə əməl etməlidir. Bu, onların son şansı və çıxış yoludur. Əks təqdirdə, Ermənistan məhvə doğru gedir. O zaman kölgəsində sığındığı "dostlarının" heç biri yanında olmayacaq.
Ramidə YAQUBQIZI,
"Respublika".