Məlum olduğu kimi, iyulun 21-nə planlaşdırılan Brüssel görüşü bir həftə əvvələ çəkilərək iyulun 15-də baş tutdu. İntensivliyin artması isə onu deməyə əsas verir ki, burada Qərbin də maraqları var. Onu da qeyd edək ki, mayın 14-də keçirilən üçtərəfli danışıqlar Azərbaycan üçün müəyyən məqamlarla yadda qaldı. Brüssel görüşünün yekununda 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqlik ifadə olundu. Bu isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə etiraf etməsi demək idi.
Ərazi bütövlüklərinin qəbul edilməsi sərhədlərin müəyyənləşməsi və davamlı sülhün bağlanması üçün vacib şərtlərdəndir. Bununla bağlı hər hansı razılıq Ermənistanın Azərbaycana qarşı əsassız və qanunsuz ərazi iddialarından əl çəkəcəyinə ümid yaradır. Ş.Mişel çıxışında Azərbaycanın Qarabağ iqtisadi rayonunun "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" adlandırması respublikanın ərazi bütövlüyünün bir daha tanınmasının təsdiqidir.
Görüşdə humanitar məsələlər də müzakirə edilib. Azərbaycanın üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərin məsələsi də diqqət mərkəzində olub. Aİ Şurasının rəhbəri vurğulayıb ki, qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün yolunu azaraq qarşı tərəfə keçən hərbi qulluqçular tezliklə azadlığa buraxılmalıdırlar.
Xatırladaq ki, Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçiblər. Onu da qeyd etmək lazımdır ki, belə hallar dəfələrlə ölkəmizdə baş verib. Qanunsuz olaraq ərazimizə keçən erməni əsgərləri və mülki şəxsləri dərhal saxlanılaraq Ermənistana qaytarılıb.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən görüş arzuedilən və gözlənilən sülh müqaviləsinin imzalanması ilə nəticələnməyib. Ancaq bunu məqsədə doğru atılan daha bir addım saymaq olar. Brüssel sülh danışıqlarının əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda bu məsələ ilə bağlı öhdəliklər müəyyənləşdirilib. Amma rəsmi İrəvan üzərinə düşən öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirmir.
Görüşdə Ş.Mişel kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş addımların müəyyən edildiyini vurğulayaraq deyib: "Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı bir-birinə çox yaxındır".
Bəli, bütövlükdə Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur desək, heç də yanılmarıq. Belə ki, Qarabağ münaqişəsi və hətta münaqişə sözlərinin bir dəfə də işlədilmədiyi son bəyanat artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir. Odur ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması sahəsində problemlər, istiqamətlər aydındır. Bir sözlə, Ermənistanın artıq başqa yolu yoxdur.
Nurəngiz ADİLQIZI,
"Respublika".