44 günlük müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələndi. Azərbaycan Ordusu torpaqlarını düşmən işğalından azad etdi. Əgər yenə də müharibədən söhbət getsə, ordumuz kifayət qədər güclüdür və günü-gündən güclənir. Müharibə yolunu tutmaq Ermənistanın özünü məhv edəcək. Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa hayların çıxış yolu yoxdur. Bundan sonra iqtisadi layihələr də işə başlayacaq. Bununla da Ermənistan düşdüyü iqtisadi böhrandan xilas olacaq. İntensiv sülh danışıqlarının getməsinə baxmayaraq atəşkəsi pozan ermənilər Azərbaycan tərəfinin cavabı ilə susdurulsa da, təxribatlarından əl çəkmirlər. Lakin bununla onlar ən böyük ziyanı özlərinə vururlar.
Bu barədə “Respublika”ya açıqlamasında deputat Cavid Osmanov bildirib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 illik Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoydu, öz torpaqlarını işğaldan azad etdi və güclü, qüdrətli olan tərəf kimi, eyni zamanda, Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi:
“Azərbaycan tarixinin bu gün ən güclü, ən qüdrətli günlərini yaşayır və istər iqtisadi baxımdan, istər hərbi quruluş baxımından bütün parametrlər üzrə Azərbaycan bu gün Ermənistandan qat qat üstün mövqelərdə müəyyənləşibdir, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeləri günbəgün möhkəmlənməkdədir, Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi qəbul edirlər və Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır”.
Deputatın sözlərinə görə, bu gün görünən odur ki, Ermənistan, erməni lobbisi, qondarma rejiminin separatçı rəhbərləri Azərbaycana qarşı təxribatlar törətməkdədirlər:
“Bu təxribatlar müxtəlif parametrlər üzrə həyata keçirilir. Son günlər ərzində biz bir daha şahidi oluruq ki, Azərbaycana qarşı informasiya müharibəsi, informasiya təxribatları, həm də silahlı təxribatlar törədilir. Bununla yanaşı “blokada şousu” da davam etməkdədir. Son günlər ərzində silahlı təxribatların daha da intensivləşməsi onu göstərir ki, Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Bunun üçün də müxtəlif istiqamətlər üzrə silahlı təxribatlar törətməkdə davam edirlər. Əlbəttə ki, erməni lobbisi, Ermənistan və onların havadarları nə qədər çalışsalar da, Azərbaycana qarşı hər hansı bir formada təzyiq göstərərək, nəyisə əldə edəcəklərinə ümid edirlərsə, bu, əlbəttə ki, iflasa uğrayacaqdır. Azərbaycanın haqlı, ədalətli bir yolda olduğunu artıq hər kəs qəbul etməkdədir. Eyni zamanda, silahlı təxribatların qarşısını almaqda Azərbaycan Silahlı Qüvvələri hər zaman ayıq-sayıqdır və hər hansı bir təxribatlar bundan sonra da davam edəcəksə, onların qarşısı qətiyyətlə alınacaqdır”.
Röya RÜSTƏMLİ,
“Respublika”.