Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə artıq sayılı günlər qalıb. Dünyada sayı məhdud olan kosmik ölkələr arasında Azərbaycanın xüsusi yeri var və ölkəmiz bugünkü 21-ci Kosmik Nəsil Konqresində böyük nümayəndə heyəti ilə təmsil olunur.
"Respublika" xəbər verir ki, bu sözləri Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos"un) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Saməddin Əsədov bildirib ki, Beynəlxalq Astronavtika Konqresi keçirilməzdən öncə Beynəlxalq Astronavtika Federasiyasının partnyor təşkilatı bir neçə digər tədbirlər həyata keçirirlər.
“Bu gün artıq Bakı şəhərində Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi öz işinə başlayıb. Kosmik Nəsil Məşvərət Şurası kosmosla və kosmik elmlə maraqlanan gənclərin bir araya gəldiyi bir platformadır.
Bu gün açılış mərasimi keçirilən 21-ci Kosmik Nəsil Konqresi üç gün davam edəcək. Konqresdə gənclərin kosmos sahəsində istər elmi, kosmik, startaplar, kosmosda dövlət, özəl, o cümlədən, elmi qurumların tərəfdaşlığı ilə bağlı müzakirələr aparılacaq.
Bu il Bakıda keçirilən bu Konqresdə 50 ölkədən 150-dən çox gənc iştirak edir. Bu gənclərin arasında Azərbaycandan çoxsaylı gənclər var. Bizim gənclərimiz dünyanın bir çox ölkəsində aparıcı universitetlərdə kosmik sahədə təhsil alan gəncləri ilə Konqresdə tanış olacaqlar, ünsiyyət qurub, təcrübə mübadiləsi aparacaqlar. Bu gənclər həm təhsil, həm biznes sahələrində gələcək karyeralarını müzakirə edəcəklər. Çox ümid edirəm ki, bu Konqres Azərbaycanın kosmik sahədə yeni gənclərə və tələbələrə böyük dəstək olacaq”, - deyə S.Əsədov vurğulayıb.