"Tərəflərə və bütövlükdə bölgəyə fayda gətirən hər şeyi dəstəkləyirik. Hesab edirik ki, ikitərəfli münasibətlərin normallaşmasının yol xəritəsi üçtərəfli razılaşmalar kompleksi olaraq qalır. Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və s. daxildir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 2-də keçirdiyi brifinqdə deyib.
M.Zaxarova qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olan Moskva Ermənistanın Maltada Ukrayna ilə bağlı keçirilən konfransda iştirakını Rusiyaya qarşı yönəlmiş "nümayişkaranə jest" hesab edib. O xatırladıb ki, bundan əvvəl də Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan və parlamentin spikeri Alen Simonyan Kiyevə səfər edib, Nikol Paşinyan isə Qranadada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb: "İrəvanda anlamalıdırlar ki, söhbət bizim ölkəmizə qarşı təcavüzkar mövqedə duranlarla nümayişkaranə ünsiyyətdən gedir. Bunu başqa cür adlandırmaq olmaz. Təəssüf edirik ki, respublikanın indiki rəhbərliyi hələ bir qədər əvvəl Ermənistanın rifah və sabitliyinin mühüm amili hesab etdiyi Rusiya ilə müttəfiqlik münasibətlərini məqsədyönlü şəkildə, qəsdən pozur", - deyə Mariya Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyinin maliyyələşdirdiyi bir sıra mətbuat orqanlarında anti-Rusiya ritorikası artıq açıq millətçilik həddinə çatmış rusofobiya halı alır.
Həm "3+3" formatı çərçivəsində, həm də digər formatlı görüşlərdə, regional əməkdaşlığın inkişafına dəstək verilməsi istiqamətində danışıqlar aparılır. Region ölkələri bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün çalışır. Lakin Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması prosesi hələ də gecikdirilir. Rusiya, İran kimi region dövlətləri Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşır, amma Ermənistan bu prosesi də ləngidir. Azərbaycan ilə İran hökuməti tərəfindən nəqliyyat infrastrukturunun təməli qoyulub və burada tikinti işlərinə başlanılıb. Ermənistan Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmasa belə, bu prosesdə bir çox ölkə maraqlıdır.
Bir ölkənin müstəqil qərarlar verməsi, azad siyasət yürütməsi onun gücünün və iradəsinin göstəricisidir. Yalan təbliğat üzərində qurulmuş hay diplomatiyası isə onun havadarlarının diktəsi ilə həyata keçirilir. Bu səbəbdən də Ermənistan müstəqil siyasət yürütmək gücünə malik deyil. Rusiyadan istədiyi himayəni görə bilməyən Ermənistan anti-Rusiya kampaniyasını dərinləşdirir. Qərbin gözünə girməyə çalışan Paşinyan hər zamankı ikili mövqeyindən əl çəkmək istəmir.
Anti-Rusiya siyasəti ilk olaraq özünü İkinci Qarabağ müharibəsi dövründə büruzə verməyə başlayıb. Azərbaycan-Ermənistan sərhədinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınin (KTMT) deyil, Avropa İttifaqı müşahidəçilərinin gətirilməsi tələb edilib.
Paşinyanın Amerikanın "The Wall Street Journal" nəşrinə müsahibəsində qeyd etdiyi məqamlar anti-Rusiya kampaniyasının geniş vüsət alması haqqında fikirləri bir daha təsdiqləyir. Baş nazir bildirib ki, Ermənistan Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi üçün yeni tərəfdaşlar axtarır. O əlavə edib ki, eyni səbəbdən hazırda Ermənistanda Rusiya hərbi bazasının saxlanılmasında da bir məna görmür: "Bu vəziyyət bizi təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi. İndi biz bunu etməyə çalışırıq". Gümrüdəki 102-ci hərbi bazanın gərəksiz olduğunu bəyan edən Paşinyanın bu sözlərinin ardınca, Rusiyanın 102-ci hərbi bazasında "şərti düşmənə" qarşı təlim keçirilib. Onu da qeyd edək ki, Ermənistan 2044-cü ilə qədər Gümrüdəki hərbi bazadan imtina edə bilməz.
Əlbəttə, Ermənistanın KTMT-dən çıxmaq niyyəti, bu ölkənin ərazisində olan Rusiya hərbi bazasının çıxarılması planları Moskvanı razı salmır. Bu proseslərə təsir göstərən başqa bir amil isə Ermənistanın Qərblə əməkdaşlığını genişləndirməsidir. Ermənistan müdafiə naziri Papikyanın Fransaya səfəri çərçivəsində hərbi əməkdaşlığa dair məsələlər müzakirə olunub. Qərb ölkələrinin yüksək vəzifəli rəsmi şəxslərinin Ermənistana səfəri, İrəvan rəsmilərinin daha çox Qərb ölkələrinə səfər etmələri və digər məsələlərdə ölkənin həm siyasi, həm hərbi-iqtisadi əməkdaşlıq baxımından Rusiyaya arxa çevirərək qərbyönümlü siyasət yürütməsi Moskvanı qıcıqlandırır. Rusiya siyasətində, o cümlədən mətbuatında Ermənistanın mövqeyindən narazılıq açıq ifadə edilir.
Təbii ki, dövlətlər arasında münasibətlərin normal olması Azərbaycanı da maraqlandıran məsələdir. Ölkəmiz Cənubi Qafqazın digər ölkələri kimi regionda sabitliyin, sülhün təmin edilməsində maraqlıdır. Bölgənin həm iqtisadi inkişafı, sabitliyin uzunmüddətli olması üçün Ermənistan da tərəfdaş mövqedən çıxış edib sülhü qorumaq üçün çalışmalıdır.
Nurcan SÜLEYMANOVA,
"Respublika".