Qlobal iqlim dəyişikliyini, torpaqların səhralaşması proseslərini və təmiz içməli su çatışmazlığını nəzərə alsaq, bu gün ekologiya bütün dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Hətta bu məsələlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında öz əksini tapıb. Ermənistanın təxminən 30 il davam edən və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində BMT-nin 2030-cu ilədək qarşıya qoyduğu hədəflər Cənubi Qafqaz regionunda böyük sual altındadır. Ermənilər illərlə Qarabağ torpaqlarında törətdikləri barbarlıqla kifayətlənməyərək Azərbaycan torpaqlarını tərk edərkən də bir daha öz izlərini qoydular. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti Ağdam, Kəlbəcər, Laçın ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin həmin rayonları təhlükəsiz şəkildə tərk etmələri üçün vaxt verdi. Ancaq onlar bu humanist davranışın qarşılığında meşələri, evləri yandırıb ərazilərə minalar basdırdılar.
Azərbaycan xalqı dəfələrlə Qarabağda ermənilərin hansı vandallıqları törətdiklərinin şahidi olub. İnsan öz doğma torpağına qıymaz, belə vəhşicəsinə davranmaz. Ermənilər özləri də yaxşı bilirdilər ki, onlara aid olmayan torpaqlardadırlar. Elə bu səbəbdən də, ekoloji terror törədirdilər. Onların bu əməllərini dünya ictimaiyyəti də gördü. Nəticə etibarilə ermənilərin bu əməlləri bir daha sübut etdi ki, həqiqətən də nə 30 il ərzində yaşadıqları evlər, nə də üzərində gəzdikləri torpaq onlara aid deyil. Erməni vandallarının su ehtiyatlarına vurduqları ziyan, meşələrin qırılıb yandırılması, bitki örtüyünün məhv edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.
Azərbaycanın işğal olunmuş torpaqlarında əvvəllər 260 min hektara yaxın meşə ərazisi var idi, lakin son 30 il ərzində meşə örtüyü sürətlə azalıb. Ermənilər davamlı olaraq Azərbaycanın ekologiyasına, faunasına qarşı vəhşiliklər törədiblər. Onlar Qarabağ və ətraf rayonlarda bir neçə yüz il yaşı olan nadir çinar ağaclarını məhv edib, meşələri qırıb, yandırıblar. Kəlbəcəri, Laçını, Ağdamı tərk edərkən bütün dünyanın gözü önündə qəddarcasına meşələrə od vurublar. Mənfur düşmən çayların suyundan enerji alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığı söküb apararaq binaları dağıtmışlar. İşğal dövründə erməni barbarlarının çaylarımızın suyunun qarşısını kəsməsi nəticəsində bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan cadar-cadar olmuşdur. İşğal illərində gəlmə ermənilərin fəal şəkildə məskunlaşdıqları Kəlbəcər və Laçın rayonlarında 2020-ci ilin yanvar ayı ərzində qəsdən çoxsaylı yanğınlar törədilmişdir.
Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli idi. Həmin sənədə əsasən, ermənilər noyabrın 15-də ilk olaraq Kəlbəcəri tərk etməli olsalar da, Azərbaycan tərəfindən köç üçün əlavə 10 gün vaxt istədilər. Azərbaycan hökuməti növbəti dəfə humanizm nümayiş etdirərək ermənilərə əlavə vaxt verdi. Amma onlar 1992-ci ildə olduğu kimi, yenə də vandallıqlarından əl çəkə bilmədilər. Kəlbəcəri tərk edərkən evləri yandırdılar, infrastrukturu məhv etdilər, meşələrə od vurdular, ağacları kütləvi şəkildə kəsərək yük maşınları ilə Ermənistana daşıdılar. Onların bu vəhşiliyi dünya mediasında da yer aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin aprelində "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib ki, Ermənistan 30 il ekoloji terror törədib: "Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi". Beynəlxalq qurumların müxtəlif sənədlərində də işğalın ekologiyaya mənfi təsiri barədə qeyd edilmişdir. Məsələn, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə hesabatlarından birində qeyd edilir ki, təcavüzün nəticəsi həm də torpaq sahələrinin deqradasiyası olub.