Ermənistan öhdəliklərini yerinə yetirməkdən, xüsusən də suverenlik və ərazi bütövlüyünə hörmətdən yayınmaq üçün növbəti dəfə beynəlxalq platformalardan istifadə edərək saxta ittihamlar, təhriflər və saxtakarlıqlar yaymaqdadır.
AZƏRTAC xəbər verir ki, bu fikri ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatına cavab olaraq söyləyib.
Daimi nümayəndə bildirib ki, Ermənistan beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə əməl etməyə çalışmalıdır, eləcə də bu ölkənin XİN rəhbərinin qondarma quruma istinadları qəbuledilməzdir. Həmin qondarma qurum ATƏT də daxil olmaqla, beynəlxalq səviyyədə hansısa bir ölkə və qurum tərəfindən tanınmayıb.
Daha sonra qeyd edilib ki, 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat 30 ilə yaxın erməni işğalına son qoyub və bu, beynəlxalq hüququn və ədalətin təntənəsidir. Lakin işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyası heç bir ölçüyə sığmır. Azərbaycanın bu bölgəsindəki şəhərlərin, qəsəbələrin və kəndlərin əksəriyyəti faktiki olaraq Yer üzündən silinib, minlərlə mədəniyyət və dini abidə dağıdılıb, talan edilib, vandalizmə məruz qalıb. Azərbaycan əraziləri azad edəndən dərhal sonra yüz minlərlə insanın öz doğma yurdlarına qayıtması üçün işğalın nəticələrini aradan qaldırmağa başlayıb.
R.Sadıqbəyli Azərbaycanın milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar təmin etmək qətiyyətini də ifadə edib və bildirib ki, Azərbaycan qanunvericiliyə və Azərbaycan Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etmək əzmindədir. Bu məqsədlə yerli erməni əhali ilə qarşılıqlı əlaqə yaratmaq üçün ardıcıl və uğurlu səylər göstərilir. Bununla belə, Azərbaycan kövrək sülh quruculuğu prosesini pozmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Ruben Vardanyan kimi şübhəli keçmişi olan şəxslərlə əməkdaşlıq etməyəcək.
Diqqətə çatdırılıb ki, müharibənin ağrılı nəticələrinə baxmayaraq, Azərbaycan xoş niyyət nümayiş etdirərək, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət də daxil olmaqla, beş prinsip əsasında sülh prosesinin təşəbbüskarı olmuşdur. Son 2 il ərzində Azərbaycan sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir. Ötən il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Bu, sülh müqaviləsinin bağlanmasına gətirib çıxara və yaxşı əsas yarada bilər.
Lakin Ermənistan danışıqlar prosesini imitasiya etmək kimi keçmiş praktikasına sadiq qalır, praktiki işi müxtəlif istiqamətlərdə süni şəkildə sürükləyir. Azərbaycan ərazisindən öz qoşunlarını tam çıxarmayıb və ərazilərimizi minalamaqda davam edir.
Xankəndi-Laçın yolundakı vəziyyətə toxunan daimi nümayəndə diqqətə çatdırıb ki, Ermənistan bu yoldan təkcə silah idxalı üçün deyil, həm də Azərbaycandan təbii sərvətlərin qeyri-qanuni ixracı üçün istifadə edir. Azərbaycan bununla bağlı artıq lazımi sübutları təqdim edib. Eyni zamanda, iddiaların əksinə olaraq, Laçın yolu bağlanmayıb, bunu hadisə yerindən çoxsaylı xəbərlər və faktlar da təsdiqləyir. Lakin Ermənistan tərəfi yerli sakinlərin Laçın yolundan humanitar məqsədlərlə istifadə etməsinə mane olmağa çalışır. Azərbaycan dövləti və ictimaiyyətinin yoldan istifadə ilə bağlı haqlı narahatlığı nə qədər tez aradan qaldırılsa, mövcud vəziyyət öz həllini tapacaq.
Sonda bildirilib ki, Azərbaycan Ermənistanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bütün hərəkətlərdən və müharibə ritorikasından əl çəkməyə, normallaşma prosesinə xələl gətirmək cəhdlərini dayandırmağa və üçtərəfli Bəyanat üzrə öhdəliklərə tam əməl etməyə çağırır.