Ermənistan mina xəritələrini təhvil verməlidir
Siyasət

Ermənistan mina xəritələrini təhvil verməlidir

Paşinyanın sülh vədləri artıq ənənəvi ritorikanın davamı kimi qiymətləndirilir və heç bir halda qətiyyətli mövqe olaraq qəbul edilə bilməz. Digər tərəfdən, mina xəritələrinin verilməsi ilə bağlı bu günə qədər həm Azərbaycan, həm də bir çox ölkələr fərqli platformalarda Ermənistana müraciətlər ünvanlayıblar.

Amma çox təəssüflər olsun ki, Ermənistan mina xəritələrini danışıqlar prosesində təzyiq vasitəsi olaraq istifadə edə biləcəyini düşündüyündən heç vaxt buna razı olmayıb. Hətta ABŞ-ın və Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin demək olar ki, 70-80 faizinin reallıqla üst-üstə düşməməsi faktı da məlumdur. Ümumiyyətlə, Ermənistan kimi işğalçı bir dövlət üçün insan həyatının önəminin olmadığını və öz hədəflərinə çatmaq üçün bütün müharibə cinayətlərini həyata keçirməkdən çəkinmədiyini biz artıq İkinci Qarabağ müharibəsi dövründə mülki insanları hədəf aldığı və ya müharibə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərimizə yeni minalar yerləşdirildiyi zaman aydın şəkildə gördük. Ona görə də Ermənistan könüllü şəkildə mina xəritələrini verəcək mənəvi və siyasi-ideoloji yanaşmaya sahib deyil və ya təhvil versə belə həmin xəritələrin reallığı əks etdirmə ehtimalı çox aşağıdır.

Aytən QURBANOVA,

politoloq.