Ermənistanın siyasi manipulyasiyaları saxta beynəlxalq ictimai fikir yaratma cəhdindən başqa bir şey deyil. Saxta "humanitar böhran", TIR şousu, "soyqırımı" böhtanları bu marağa xidmət edir. Xatırladaq ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan Təhlükəsizlik Şurasının sədrinə "Laçın dəhlizinin blokadası nəticəsində Qarabağ ərazisində yaranmış vəziyyətlə əlaqədar" BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini istəmişdi. Lakin bu ilk belə əməl deyildi. Qeyd edək ki, bundan öncə də Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, eləcə də könüllülərin iştirakı ilə Laçın yolunda keçirilən aksiyaları beynəlxalq ictimaiyyətə "yolun bağlanması", "humanitar böhran" kimi tanıtmaq, dünya ictimaiyyətini aldatmaq cəhdləri uğursuzluqla yekunlaşmışdı.
Belə ki, 2022-ci il dekabrın 20-21-dən başlanan Ermənistanla BMT TŞ arasında aparılan müzakirələrdə nəticə əldə edə bilməyən ermənilər öz məkrli niyyətlərindən yenə də əl çəkmək istəməmişdilər. Müzakirələrdə Ermənistanın qurumdakı təmsilçisi Mher Marqaryan BMT TŞ-dən tələb etmişdi ki, BMT Laçın dəhlizinə və Qarabağa missiya göndərsin və orada yaranmış "humanitar vəziyyəti" dəyərləndirmək üçün faktlar müəyyənləşdirilsin.
Məlum məsələdir ki, Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən əl çəkmir. Elə buna görə də indi rəsmi İrəvan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün "Ağdam-Xankəndi" yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı hərbi və siyasi maneələr yaradır. Beləliklə də ikitərəfli münasibətlər və sülh gündəliyi dalana dirənir.
Paralel olaraq, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində təsbit olunmuş öhdəlikləri ciddi şəkildə pozur, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirir. Son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin aktiv şəkildə toplanması da müşahidə olunur.
Ermənistan havadarlarının əli ilə yaratdığı bu saxta imici ilə BMT TŞ-nin diqqətini çəkməyi bacarsa da, avqustun 16-da keçirilən BMT Təhlükəsizlik Şurasının təcili iclasında yenidən uğursuzluğa düçar oldu. Azərbaycanın növbəti diplomatik zəfəri ilə nəticələnən, hayların bir daha beynəlxalq məkandakı çəkisinin nə səviyyədə olduğunu agah edən iclas sübut etdi ki, Azərbaycan öz haqq işini yerinə yetirir və bu yolda ona təsir etmək qeyri-mümkündür. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın manipulyativ cəhdlərini sadaladı və beynəlxalq ictimaiyyət iclasın nəticəsi olaraq Azərbaycanın haqlı mövqeyini bir daha görmüş oldu. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə əsaslı fikir formalaşdırıldı. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradıldığını vurğulayan Yaşar Əliyev adekvat dəlillərlə dünya ictimaiyyəti qarşısında Ermənistanı pat vəziyyətində qoydu.
Belə kritik məqamda gərək ki, beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiya verməsi zəruri hal alsın. İndiki mərhələdə Birləşmiş Millətlər Təşkilatı Ermənistanın təxribat xarakterli aktlarını müəyyən etməli və gələcəkdə baş verə biləcək çirkin əməllərə görə Ermənistanı cəzalandırmalıdır. Ən azından ona görə bunu etməlidir ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.
Azərbaycan isə istər sülh istiqamətində, istərsə də Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya istiqamətində ardıcıl siyasət izləyir. Eyni zamanda öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır. Nəticə etibarilə BMT-nin Ermənistanın tələbi əsasında təcili iclas keçirməsi qərbin ikili standartlarının fonunda Hayastanın da məğlubiyyətini bir daha sübut etmiş oldu.
Jalə QASIMZADƏ,
"Respublika".