Ermənilərin torpaqlarımızı işğalı nəticəsində təxminən 30 min insan həyatını itirib və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri, bununla yanaşı, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından vaz keçməyib. Haylar bu yerlərdə müvəqqəti olduqlarını bildikləri üçün təbiətə qənim kəsilərək ekologiyanı darmadağın edib, Ermənistan dövlətinin birbaşa təşkilatçılığı ilə ekoloji təhlükəsizliyə təhdid yaradan qanunsuz əməllər törədiblər. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji terror təbiətə zərər yetirmək, təbii sərvətləri məhv etmək, bilərəkdən ziyan vurmaqdır. Terrorizm sözü ekoloji terror ifadəsini verir, lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz.
2022-ci ilin dekabr ayında QHT nümayəndələri və ekofəallar Şuşa-Xankəndi yolunda etiraz aksiyasına başlayıb. Buna səbəb isə sülhməramlıların nəzarəti altında olan ərazilərdəki yataqların qanunsuz istismarı, həmçinin Azərbaycanın həmin bölgələrdə ekoloji monitorinq keçirməsinə icazə verilməməsi olub. 138 gün davam edən və beynəlxalq miqyasda böyük reaksiya doğuran aksiyada ekofəalların əsas tələbləri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, bununla yanaşı, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması və sair ilə bağlı olub.
Qeyd edək ki, Ermənistanın Naxçıvanla sərhəddə yerləşən Arazdəyəndə metallurgiya zavodunun tikilməsinə etiraz olaraq iyunun 8-də Bakıda ekolojiyönümlü QHT-lər layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Bəyanatda bildirilib: "Biz Azərbaycanda fəaliyyət göstərən ekolojiyönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq".
Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov məsələ ilə bağlı bildirib ki, Ermənistanda dağ-mədən sənayesində aparılan işlər nəinki Ermənistan vətəndaşlarına, həm də ümumilikdə regionu ciddi risk altında saxlayaraq, ekologiyanın kirlənməsinə, həm də ən əsas insanların sağlamlığına ciddi şəkildə mənfi təsir göstərir: "Bizi narahat edən əsas təhlükə ondan ibarətdir ki, ağır metallar ya birbaşa Araz çayına, ya da Araz çayı ilə birləşən digər çaylara axıdılır.
Bununla da Ermənistan həm öz vətəndaşlarının sağlamlığını təhlükədə saxlayır, həm də ən əsası qonşu, yəni Azərbaycan və Gürcüstan dövlətlərinin vətəndaşlarının sağlamlığına ciddi şəkildə ziyan verir və ümumilikdə regionu ekoloji fəlakətə sürükləyir.
Azərbaycanın səhiyyəyönümlü təşkilatlarının məktubunda konkret olaraq hansı dağ mədənlərindən söhbət getdiyi, neçənci ildən fəaliyyət göstərməsi, beynəlxalq standartlara məhəl qoyulmaması öz əksini göstərmişdir.
Ermənistan hakimiyyəti özlərinin və ən əsası qonşu ölkələrin vətəndaşlarının sağlamlığına ziyan verilməsinin qarşısını almalı, atılan addımlara görə məsuliyyət daşımalıdır.
Beynəlxalq standartlara uyğun işlərin aparılması üçün monitorinq qrupları təşkil edilməli və bu qrupların tərkib hissəsində Azərbaycan nümayəndələrinin olmasının vacibliyini açıq şəkildə qeyd etmişik.
Bizim üçün əsas və prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq, təhlükə yaradan Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin dayandırılması və beynəlxalq hüquq və standartlara əməl edilməsidir".
Röya RÜSTƏMLİ,
"Respublika".