Erməni faşizmi:  bir kvadratmetrdə 8 mina, tələ qurğular
Digər xəbərlər

Erməni faşizmi:  bir kvadratmetrdə 8 mina, tələ qurğular

Hərbi ekspertlər hesab edirlər ki, Qarabağ və Şərqi Zəngəzur minalarla və döyüş sursatları ilə ən çox çirklənmiş ərazilərdir. Ermənistan son otuz il ərzində əsarətdə saxladığı Azərbaycan torpaqlarına sayı-hesabı bilinməyən minalar döşətdirib. Bu barədə Zəngilanda keçirilən "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda məlumat verilib. Torpaqlarımızın minalardan təmizlənməsi qarşıda duran ən aktual məsələdir və bu istiqamətdə hökumət tərəfindən bütün tədbirlər həyata keçirilir, yeni minatəmizləyən qurğular, texnikalar alınır.

Qeyd edək ki, minalar yer üzündə mövcud olan ən "çirkli" silahdır və düşmən ölkə bu ölümsaçan vasitələrdən torpaqlarımızda gen-bol istifadə edib. Təxmini hesablamalara görə erməni işğalçıları torpaqlarımıza bir milyondan çox mina basdırıblar, qəsdən və bilərəkdən yurd yerlərimizi ölümsaçan qurğularla zəhərləyiblər. Ermənistan Gümrüdəki zavodda mina istehsalını bu gün də davam etdirir və imkan daxilində Azərbaycan ərazilərini minalamaq cəhdlərindən hələ də əl çəkmir, sözün əsl mənasında, Azərbaycan bir düşmənlə iki cəbhədə döyüşməyə məcbur olub. Müharibəni qələbə ilə başa vursaq da düşmənin torpaqlarımıza basdırdıqları minaları zərərsizləşdirmək üçün artıq üç ildir ki, gizli qatillərlə ciddi mübarizə aparılır. Ölümsaçan minaların təmizlənməsi üçün minaaxtaranlar əsl peşəkarlıq nümayiş etdirirlər. Mənfur düşmən 30 ilə yaxın işğalda saxladığı rayonlarda nəinki bütün binaları, bütün tarixi abidələri, yolları dağıdıb və eyni zamanda, hər tərəfə mina döşəyib. Özü də təkcə keçmiş təmas xəttinə yaxın olan əraziləri yox, xarabalığa çevirdikləri şəhərləri, kəndləri, yolları, önəmli strateji yüksəklikləri, ağıla gəlməyən yerləri minalayıblar. Diz çökdürülmüş düşmən acı məğlubiyyətə məhkum olub, çarəsiz duruma düşüb. Əlbəttə, dinc insanları minalarla məhv etmək yalnız erməni xislətidir, düşmənin mənfurluğunu sübut edir. Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri uğurla davam etdirilir, döyüş meydanında məhv etdiyimiz düşmənin gizli və xəbis niyyətinin qarşısına sipər çəkilir, azad edilmiş torpaqlarımız qarış-qarış təhlükəli qurğulardan təmizlənir. Şanlı qələbədən sonra ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, dəhlizlərin açılması və sonrakı mərhələdə isə hökumətin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərin, kəndlərin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları uğurla yerinə yetirilir. Həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də gələcəkdə Böyük Qayıdışdan sonra insanların öz dədə-baba yurdlarında rahat və təhlükəsiz yaşamalarını təmin etmək ən ümdə vəzifə kimi qarşıda dayanır. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç il ərzində 300-dən çox insan mina qurbanı olub, onlardan 57 nəfəri həyatını itirib, qalanları müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İkinci Qarabağ müharibəsindən sonra indiyədək 96 min hektardan çox ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər olub ki, hətta cəmi bir kvadratmetr yerdə 8 mina tapılıb. Bu, çox dəhşətli bir mənzərədir, erməni faşizmini əyani şəkildə göstərir. Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari il sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Ümumiyyətlə, indiyədək 30 minə yaxın piyada əleyhinə, 17 minə yaxın tank əleyhinə mina və 40 minə yaxın partlamamış hərbi sursat tapılaraq məhv edilib. Sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərinin keçirilməsindən sonra qanunsuz erməni hərbi birləşmələrindən külli miqdarda silah-sursat müsadirə edilib, hərbi texnikalar ələ keçirilib. Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi məlumat verir ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb. İnzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib. Göründüyü kimi, həmin ərazilərdə erməni separatçılarının bu yolla vətəndaşlarımıza qəsd etmək planı olub. Qarabağda və Şərqi Zəngəzurda qeyri-qanuni erməni hərbi birləşmələrinin hiyləgər və xəbis xislətini göstərən minlərlə fakt var. Düşmənin tərk edib getdiyi yerlərdə minalar basdırması kiminsə həlak olmasına, yaralanmasına və həmin ərazilərə azərbaycanlıların köçünün gecikdirilməsinə cəhddən başqa bir şey deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazım olacaq. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib. Prezidentin nümayəndəsi bildirib ki, minalar olan ərazidə bərpa və idarəetmə işləri çətindir. Şərqi Zəngəzur iqtisadi regionunda da dağıntılar var. 30 il ərzində nə təbiət, nə binalar, nə də abidələr salamat qalmayıb. Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirir. Həmin koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti tənzimləyir. Bütün bu işçi qrupları, eləcə də mütəxəssislər siyasi elitanın qaldırdığı məsələlərə texniki həll yolları axtarırlar.

Otuz il erməni işğalı, postmünaqişə dövründəki ikili standartlarla, ermənipərəst qüvvələrin sülh danışıqlarına daş atmasına baxmayaraq, Azərbaycan həm işğala son qoydu, həm də ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran şəhərlərində üçrəngli bayrağımız dalğalanır, antiterror tədbirlərində ağ bayraq qaldıraraq təslim olan qeyri-qanuni erməni silahlı qüvvələrinin tərk-silah prosesi yekunlaşır. Dövlətimiz tərəfindən Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün tədbirlər görülür. Rəsmi Bakı Qarabağdakı haylara reinteqrasiya imkanı verib və bunun üçün erməni icmasının nümayəndələri ilə görüşlər keçirilir. Eyni zamanda, erməni vətəndaşlara hərtərəfli yardım göstərilir. Zənnimizcə, sadə ermənilər anlayırlar ki, onların rahat və firavan həyatı yalnız Azərbaycanla bağlıdır. Qarabağda minalarla bərabər bu torpaqlara fəlakət və qan gətirənlərin, düşmənçilik yaradanların qollarına qandallar taxılır, yaramazlar isə bu yerlərdən uzaqlaşdırılır.

Salman ALIOĞLU,

"Respublika".