44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini şiddətli döyüşlər nəticəsində azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi.
2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın birində Laçın rayonu 28 ildən sonra işğaldan azad edildi. Bu barədə dövlətimizin başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır" deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
Döyüş meydanında və siyasi müstəvidə böyük üstünlük qazanan Azərbaycanın tələbi ilə 2022-ci il avqustun 26-da Laçın şəhərində, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər. Orada yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq Laçını tərk etmələri üçün onlara əlavə vaxt verilməsini xahiş etdilər. Halbuki bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan, daha çox xaricdən - Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Azərbaycan rəhbəri humanistlik göstərərək onlara bu imkanı yaratdı. Ermənilər isə öz xislətlərinə uyğun olaraq faşist təfəkkürü ilə uzun illər yaşadıqları evlərə od vuraraq yandırdılar. Bundan əvvəl isə Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürdülər. Azərbaycan Ordusunun bölmələri onlara ərazini tərk etmək üçün bütün şəraiti yaratdı. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə ermənilər tərəfindən rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan zorla köçkün düşən əhali özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub.
İki il yarımdır ki, Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramlara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir. Ölkə başçısının tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması və bərpası, yaşayış yerlərinin yenidən bərpası məqsədilə yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tikinti işləri davam etdirilir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" Sərəncam imzalayıb. 19 yanvar 2021-ci ildə isə ölkə başçısı "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərmanına əsasən, artıq Ağdam, Cəbrayıl, Zəngilan və Laçın rayonları üzrə Prezidentin