17 may 2016-cı ildə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP-ın təməlqoyma mərasimi keçirilib
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanda enerji siyasətinin təməlini qoyan ilk addımdır. Məhz bu kontraktın bağlanmasından sonra ölkəmiz dünyaya sürətlə inteqrasiya etmişdir. Baxmayaraq ki, həmin illərdə bəzi xarici dairələr Azərbaycanın uğuruna sədd çəkmək istəyirdi. Lakin ulu öndərin müdrik siyasəti nəticəsində "Əsrin müqaviləsi"nə qarşı çıxmağa çalışanlar istədiklərinə nail ola bilmədilər. Və qısa müddətdə Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan neft dünya bazarlarına çıxarıldı. Enerji ixracımızın ilk layihəsi olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri gələcəkdə atacağımız uğurların ilk müjdəsi idi.
Bir zamanlar dünyada təkcə neft hasilatçısı kimi tanınan Azərbaycan, artıq qaz ixrac edən ölkələrin sırasındadır. Zamanında təməli qoyulmuş və istifadəyə verilmiş nəhəng layihələrin bu gün regionda, eləcə də beynəlxalq aləmdə mühüm rol oynadığının əyani şahidi oluruq. Təbii ki, bütün bunların təməlində uğurlu diplomatik fəaliyyət və gələcəyə doğru düzgün hesablanmış siyasət durur. Azərbaycanda böyük qaz ehtiyatlarının kəşf olunmasından sonra, neftlə yanaşı, təbii qazın ixracı da ön plana çıxmışdır. 2001-ci il martın 12-də Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Əhməd Sezər Ankara şəhərində imzalanmış Birgə Bəyanatda Azərbaycanın təbii qazının Türkiyəyə ixracı ilə əlaqədar Hökumətlərarası Müqavilənin layihəsi və alqı-satqı müqaviləsinə əsasən razılıq əldə etmişlər.
Azərbaycanda zəngin qaz-kondensat yataqlarının aşkar edilməsindən sonra qarşıda duran ən ümdə məsələlərdən biri də onun ixrac marşrutunu müəyyənləşdirmək, regiona və digər qitələrə nəql etmək üçün kommunikasiya xətlərini çəkmək idi. Bu sahədə zəngin təcrübəyə malik olan ölkəmiz Cənub Qaz Dəhlizi layihəsini də uğurla sona çatdırıb istismara vermişdir. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilərək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Aİ və Azərbaycanın Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanatından sonra 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edəcək boru xətti layihəsi olan TAP-ın bünövrəsi qoyuldu. Təməlqoyma mərasimində Azərbaycan nümayəndə heyətilə birgə Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ, İtaliya, Gürcüstan və layihənin digər iştirakçılarının energetika nazirləri iştirak etmişdi.
İlkin mərhələdə TAP boru kəməri vasitəsilə "Şahdəniz 2" layihəsi çərçivəsində 10 mlrd. kubmetr qazın Avropaya nəqli nəzərdə tutulurdu. Bu da istifadə dairəsinə görə geniş insan kütləsinin təbii qaza olan ehtiyacını qarşılaya biləcəkdi. Həmin illər üçün hesablamalara görə, milyonlarla ailə Xəzər dənizindən hasil olunacaq enerjidən istifadə etmək imkanına malik olacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna - Leççe şəhərinə qədər uzanır. Uzunluğu təxminən 880,8 kilometr olan boru xəttinin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisinə düşür. Dünyanın bir çox aparıcı şirkətlərinin iştirakı ilə baş tutan layihədə BP (Böyük Britaniya) 20, CQD (SGC