Ədliyyə naziri Fikrət Məmmədov: Lənkəranda və Gəncədə yeni penitensiar komplekslər inşa olunur
Sosial həyat

Ədliyyə naziri Fikrət Məmmədov: Lənkəranda və Gəncədə yeni penitensiar komplekslər inşa olunur

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar çərçivəsində penitensiar infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, yeni penitensiar müəssisələr tikilərək istifadəyə verilir.

Bu fikriləri ədliyyə naziri Fikrət Məmmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Fikrət Məmmədov xatırladıb ki, son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni, müasir tələblərə cavab verən penitensiar komplekslər inşa olunaraq istifadəyə verilib. Bakının Zabrat qəsəbəsində həm yeni istintaq həbsxanası, həm də yetkinlik yaşına çatmayan və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunub. Eyni zamanda, bölgələrdə cəzaçəkmə müəssisələrinin inşasına xüsusi diqqət yetirilir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında və Şəkidə yeni penitensiar komplekslər inşa olunaraq istifadəyə verilib.

Hazırda isə Lənkəranda belə penitensiar kompleks inşa olunub və demək olar ki, tikinti başa çataraq son tamamlama işləri gedir və ən yaxın zamanda onun istifadəyə verilməsi nəzərdə tutulur.

Qərb bölgəmizdə - Gəncə şəhərində də böyük istintaq təcridxanası olmaqla analoji penitensiar kompleks inşa olunmaqdadır və yaxın gələcəkdə istifadəyə veriləcək.

Bütün yeni müəssisələr müasir tələblərə cavab verməklə məhkumların saxlanma şəraitini yaxşılaşdırır və yaxınları ilə daha əlçatan olmaqla sosial adaptasiyasını asanlaşdırır.