Dünyanın ürəyi yenidən Bakıda döyünəcək
İqtisadiyyat

Dünyanın ürəyi yenidən Bakıda döyünəcək

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə keçirib.

Dövlət başçımız qeyd edib ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atıb, bütün dünya ölkələri Azərbaycana etimad göstərərək beynəlxalq konfransın Bakıda keçirilməsini təsdiqləyiblər. Prezidentimizin də vurğuladığı kimi, biz buna layiqik, bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bununla belə, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Doğrudur, indiyədək bir sıra qlobal miqyaslı konfranslara evsahibliyi etmişik. Məsələn, 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi ölkəmizdə keçirilib. 2015-ci ildə keçirilən Avropa Oyunları zamanı Bakıya 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlib. Bu il isə Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik.

Amma cənab İlham Əliyevin də qeyd etdiyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Çünki konvensiyaya qoşulan 198 ölkə ilə iqlim danışıqları aparılacaq, konfrans çərçivəsində təqribən 70-80 min xarici qonaq ölkəmizdə olacaq, Bakı dünyanın mərkəzinə çevriləcək. Buna görə də, İlham Əliyev müşavirə keçirərək dərhal hazırlıq işlərinə başlanılmasının vacibliyini diqqətə çatdırıb:

"Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək. Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Dövlət başçımızın bu məsələyə toxunması əbəs yerə deyil. Belə ki, dünyada liderlik nüfuzu güclənən ölkəmiz alternativ enerjiyə keçid səylərinə görə regionda liderdir və bu istiqamətdə fəaliyyəti gün keçdikcə artır. Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür. Bununla belə, hədəfimiz 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır. Buna bariz nümunə kimi azad edilmiş ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa işlərini göstərmək olar. Söhbət ekoloji texnologiyalara, həmçinin "ağıllı" və "yaşıl" yanaşmalara əsaslanan layihələrin icrasından gedir. "Yaşıl enerji" zonası, təmiz nəqliyyat, "ağıllı şəhərlər", "ağıllı kəndlər" kimi innovativ yanaşmalar, minlərlə hektar sahədə meşələrin bərpası buna misaldır. Yəni öz enerji infrastrukturunu sürətlə modernləşdirməyə müvəffəq olan dövlətimiz "yaşıl enerji" keçidinə nümunəvi model formalaşdırıb. İcra olunan bütün bu layihələr, ölkə rəhbərliyinin imzaladığı strateji sənədlər, 2030-cu ilə qədər nəzərdə tutulan və yaxın gələcək üçün dövlət tərəfindən qəbul edilən milli prioritetlər onu deməyə əsas verir ki, Azərbaycanın bu sahədə dünyaya nümayiş etdirəcəyi çox şey var. Elə bu səbəbdən də, 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək.

Jalə QASIMZADƏ,

"Respublika".