Dünyanın 192 ölkəsi ilə ticarət əməliyyatları
İqtisadiyyat

Dünyanın 192 ölkəsi ilə ticarət əməliyyatları

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 192 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 117 ölkəyə məhsul ixrac olunmuş, 183 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 33 milyard 591,9 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 20977,7 milyon dollarını və ya 62,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 12614,2 milyon dollarını (37,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 8363,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

İdxal real ifadədə 4,6 faiz artmışdır. 2023-cü ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,6 faiz, real ifadədə 6,2 faiz artaraq 2434,3 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 30,8 faizi İtaliya, 16,0 faizi Türkiyə, 8,0 faizi Rusiya, 5,8 faizi Çin, hər biri 3,2 faiz olmaqla Almaniya və İsrail, 3,1 faizi Yunanıstan, 2,3 faizi Hindistan, 2,0 faizi İspaniya, hər biri 1,7 faiz olmaqla Türkmənistan və Gürcüstan ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

“Respublika”.