BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir
Sülh, əmin-amanlıq, təhlükəsizlik... Bəşəriyyətin yarandığı gündən mövcud olan münaqişələr, müharibələr zaman-zaman öz formasını, həcmini dəyişsə də mahiyyətini dəyişməmişdir. İnsan həyatını alt-üst edən, özü ilə zülm, xəsarət, aclıq, səfalət gətirən, saysız-hesabsız ölümlə nəticələnən müharibələr dövlətlərin dağılmasına, tənəzzülünə, ərazi bütövlüyünün pozulmasına, xalqların soyqırımına, məhvinə hesablanaraq qəsdən, məqsədli şəkildə həyata keçirilir. Müharibə, nizamsız dünya bütün hallarda insanların sülh, azadlıq, bərabərlik şəraitində dinc, firavan yaşamaq hüquqlarını əlindən alır. Dünyanın müxtəlif yerlərində baş verən bu qanlı hadisələr gələcəyin təminatı olan sülhün bərqərar olmasına əngəl törədir. Bu baxımdan, dayanıqlı inkişafa nail olmaq, dünyanı insanlar üçün daha təhlükəsiz etməkdən ötrü xaosa və qeyri-sabitliyə, münaqişələrə qarşı səylərin birləşdirilməsi bu gün bəşəriyyətin yeganə çıxış yoludur. Böyük bəşəri dostluq, müxtəlif siyasi baxışlara, sosial statuslara, fərqli millətlərə və irqlərə malik insanların qarşılıqlı anlaşması və bir-birinə hörməti olmadan sülh, birgəyaşayış qeyri-mümkündür. Yer üzündə insanların rifahının qorunması bütün dünyanı birləşdirə biləcək yeganə körpüdür.
BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabr ayının 21-i Beynəlxalq Sülh Günüdür. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunmuş, o vaxtdan başlayaraq hər il sentyabr ayının 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi tarixə yazılmışdır. 2001-ci ildən etibarən isə BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən Beynəlxalq Sülh Günü bütün sülhsevər ölkələrdə 21 Sentyabr tarixində böyük həvəslə qeyd olunur. BMT-nin üzvü olan 193 ölkə beynəlxalq əlaqələrində hər hansı bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya güc tətbiqindən çəkinməyi əsas götürərək 21 sentyabr Beynəlxalq Sülh Gününün təsis olunmasına yekdilliklə səs vermiş, bütün sülhsevər ölkələr həmin gün dünyada hərbi əməliyyatların dayandırılmasına çağırış etmişlər. Beləliklə, 21 sentyabr dünyada ümumbəşəri atəşkəs və zorakılığa qarşı mübarizə günü kimi qeyd olunur.
Yalnız millətlər, dövlətlər deyil, həmçinin ailələr, cəmiyyətlər arasında da bütün qarşıdurmaların dayandırılmasına xidmət edən Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında "Sülh zəngi"nin çalınması ilə başlayır. Həmin gün sülhsevər insanlar, xalqlar bütün insanlığı sülhə, qorxusuz, silah səsi eşidilməyən bir dünyada birgəyaşayışa çağırırlar. Yaşından, irqindən, milliyyətindən, dinindən asılı olmayaraq, insanlar sülh, əmin-amanlıq şəraitində, aydın səma altında yaşamaq, düzənli dünyanın sakinləri olmağa can atırlar. Axı, özü ilə bəlalar, faciələr gətirən, xalqların, millətlərin tarixindən silinməyən müharibələr həm də gələcəyin uğurlu ailəsinin, sabahın savadlı gəncinin məhv olması deməkdir.
Sülh bəşəriyyət üçün ən gərəkli dəyər olmaqla təhlükəsiz, dinc-yanaşı yaşamağa çağırışdır. Bu çağırışa qoşulub sülhə, sabitliyə töhfə vermək isə əsasən dövlətlər səviyyəsində öz həllini tapır. Bütün dünyada sülhə, əmin-amanlığa, multikultural dəyərlərə, birgəyaşayışa önəm verən, xalqların, millətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşan Azərbaycan humanist ideyaların carçısıdır. Belə ki, XXI əsrin müharibəsini aparan, 30 il ərzində yağı düşmən tərəfindən zəbt olunan torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində mənfur düşməndən fərqli olaraq yaşayış yerlərinə, mülki əhaliyə atəş açmadı. Günahsız insanları məhv etmədi. Əksinə, ədalətli müharibə apararaq torpaqlarını işğaldan azad edən qalib ölkəmiz əsrlər boyu ərazilərinə xor baxan, Azərbaycanın əzəli torpaqlarında özünə dövlət yaradan, xalqımızı təcavüzlərə, soyqırımlarına məruz qoyan mənfur düşməninə sülh təklif etdi. Bu isə müstəqil Azərbaycanın humanist, bəşəri ideyalara, sülhsevərlik missiyasına sadiqliyinin bariz nümunəsidir.
Ədavətsiz, müharibələrsiz, münaqişələrin səngidiyi dünya təkcə insanların əmin-amanlıq şəraitində yaşaması üçün deyil, silahların susdurulması, həm də inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır. Ölkəmiz nəinki regionda, bütün dünyada sülhün təminatçısı kimi qəbul olunur.
21 sentyabr... Məhz hər il həmin gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında "Sülh zəngi" çalınır... Qoy, bu "Sülh zəngi" bütün dünyada mövcud olan ədavətləri, müharibələri 24 saat ərzində dayandırmaq üçün deyil, silahları birdəfəlik susdurmaq üçün çalınsın. Qoy, dünyamız körpələrin gülüşü ilə bəzənsin. Analarımız heç zaman: "Mən anayam, bu səsimdə yerin, göyün dərdi var, Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar", - deyə nalə çəkməsinlər. Qoy sülh göyərçinləri açıq, aydın səmalarda qanad çalsın.
Mehparə ƏLİYEVA,
"Respublika".