Su ehtiyatları dayanıqlı inkişafın əsas amilidir və Yer kürəsində həyatın bütün aspektlərini dəstəkləyir. Təhlükəsiz və təmiz suya əlçatanlıq təməl insan hüquqlarından biridir. Amma onilliklər ərzində su ehtiyatları sahəsində təsərrüfatsızlıq və onlardan düzgün istifadə olunmaması həyatın bir çox sahələrinə mənfi təsir edən böhrana gətirib çıxarıb. İqlim dəyişikliyi nəticəsində quraqlıq halları da artıb. Ümumdünya Meteorologiya Təşkilatının son hesabatına görə, 2000-ci ildən bəri davamlı quraqlıq 29 faiz artıb.
Bütün bu faktorların nəticəsində hazırda dünyada milyardlarla insan su çatışmazlığı ilə üzləşib. Hesablamalara görə, çirkli su, pis sanitariya və gigiyena şəraiti ilə əlaqədar meydana gələn xəstəliklərdən hər il 800 mindən çox insan ölür. 4 milyarda yaxın insan isə ildə ən azı bir ay kəskin su çatışmazlığından əziyyət çəkir. BMT-nin araşdırmaları da göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı təmiz su içə bilmir. 2030-cu ilə qədər isə dünya əhalisi ciddi su qıtlığı yaşayacaq. Bu səbəbdən də son dövrdə su mənbələrinin qorunması əksər dövlətlərin, eləcə də beynəlxalq təşkilatların prioritetinə çevrilib.
Birləşmiş Millətlər Təşkilatı da bu sahədə görülən işlərin davamı olaraq martın 22-24-də mənzil-qərargahında 2023-cü il üçün su ehtiyatları üzrə konfrans keçirib. Tədbir 2030-cu ilədək su təhlükəsizliyinin və sanitariya xidmətlərinin təmin edilməsi sahəsində tərəqqinin sürətləndirilməsi üçün unikal imkan hesab oluna bilər. Tacikistan və Niderland hökumətlərinin birgə evsahibliyi etdiyi konfransın açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş bildirib ki, hazırda dünyada cərəyan edən dörd təbii fəlakətdən təxminən üçü su ilə bağlıdır. Onun sözlərinə görə, su qlobal siyasi gündəmin mərkəzində olmalıdır: "Bəşəriyyətin gələcəyə olan bütün ümidləri bu və ya digər şəkildə su ehtiyatlarının davamlı idarə edilməsi və qorunması üçün yeni kursun müəyyən edilməsindən asılıdır".
BMT-nin Nyu-Yorkdakı qərargahında Su Konfransı çərçivəsində Azəbaycanın evsahibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın nüfuzlu Arizona Dövlət Universitetinin təşkilatçılığı ilə "Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı və innovasiyanın tətbiqi" adlı tədbir də keçirilib. Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda indiyədək bu sahədə görülmüş işlər barədə məlumat verib və bu məqsədlərə nail olmaqda qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir bildirib ki, su ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və su çatışmazlığının qarşısını almaq üçün Azərbaycan 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə uyğun olaraq milli su siyasətini formalaşdırıb. Nazir BMT Baş Assambleyasının su və fəlakət üzrə altıncı xüsusi tematik sessiyasında Azərbaycanda su ehtiyatlarının idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində görülən işlər, transsərhəd su probleminin həllində region ölkələrlə əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi mövzusunda çıxış edib. BMT rəsmiləri və mütəxəssislər isə Azərbaycanın Su Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü yüksək qiymətləndiriblər.
Onu da qeyd etmək lazımdır ki, ölkəmiz də son dövrdə su böhranından əziyyət çəkirdi. Qlobal ekoloji problem səbəbindən Kür çayının aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Amma son günlər Kür çayının səviyyəsi 1,7 metr qalxıb. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricilərdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir. Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin