Dünya elə köhnə dünyadır
Digər xəbərlər

Dünya elə köhnə dünyadır

İkili standartlar davam etdikcə ədalət öz yerini tapmayacaq

İkili standartlar... qədər ki, bu yanaşma var, ədalət öz yerini tapmayacaq. Dünya isə bu gün ədalətli olmaqdansa, ikili mövqe nümayiş etdirməyə daha çox meyillidir. 30 illik Qarabağ münaqişəsi dövründə biz bunun çox şahidi olmuşuq. Elə postmünaqişə dövründə bu yanaşmanın əziyyətini çəkirik.

İşğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda ikitərəfli formatda apardığımız danışıqlar əsnasında ölkəmizin ərazi bütövlüyü prinsipinin qəbul edilən bəyannamələrə çətinliklə salındığından danışan dövlət başçısı demişdir: "Bir çoxları imtina edirdi. Halbuki, bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik bax, budur. Biz bunu bu gün görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə məşhur  "Bayraktar" dronlardan istifadə edəndə xarici ekspertlər mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur...".

Bəli, 44 günlük Vətən müharibəsi dövründə bir sıra xarici media resursları "Bayraktar"ları "qatil dronlar" kimi təqdim edirdilər, çünki Azərbaycanın bu silahdan səmərəli istifadə etməsi bəlli dairələri narahat edirdi. O vaxt hətta bir neçə Kanada şirkəti Türkiyə müdafiə sənayesi ilə əməkdaşlığı dayandırdı. O cümlədən dünyadakı bir sıra silah şirkətləri bu məsələ ətrafında süni ajiotaj yaratmağa çalışdı. Ancaq Ukraynanın "Bayraktar"lardan istifadə etməsinə həmin qurumlar fərqli mövqedən yanaşdılar. Bunu xilas yolu kimi təqdim etdilər. Bəs Azərbaycan da bu dronlardan istifadə edərək ərazilərini işğaldan azad etmirdimi?

Bir ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsi hələ ki, həllini tapmır. Tərəflər bir-birini ittiham etməkdədirlər. Müharibə isə davam edir, kəndlər, qəsəbələr, şəhərlər dağıdılır, insanlar həlak olur. Hərbi əməliyyatlar nəticəsində bu günlərdə daha bir faciə yaşanıb. Belə ki, iyunun 6-da Kaxovka su elektrik stansiyasının bəndlərindən biri partladılıb. Baş verən faciəyə görə yenə hər iki tərəf bir-birini ittiham edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə birmənalı şəkildə partlayışa görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib. ABŞ başqa ölkələrin aidiyyəti qurumları partlayışla bağlı araşdırma aparırlar. Beynəlxalq ictimaiyyət SES-in partladılmasını ekoloji  faciə adlandırıb.

Partlayış nəticəsində 7 insan itkin düşüb, minlərlə vəhşi heyvan tələf olub, bir sıra yaşayış binası sosial obyektlər dağılıb. Birləşmiş Millətlər Təşkilatı baş katibinin humanitar yardım fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits SES-in müharibə başlayandan indiyədək dağıdılan ən əhəmiyyətli mülki  obyekt olduğunu deyib. Bəli, müharibə, qarşıdurma zamanı mülki obyektlərin, mülki insanların hədəf seçilməsi beynəlxalq hüquqa görə hərbi cinayətdir. Bu, yolverilməzdir. Ancaq məsələnin başqa bir tərəfi var. Görəsən, Ermənistanın Azərbaycana təcavüzü ötən 30 il müddətində bir kimsəni narahat etmişdimi? 10 min kvadratkilometr  ərazinin xarabalığa çevrilməsi, minlərlə insanın ölümü, yurd-yuvasından qovulması bu qədərmi əhəmiyyətsiz görünürdü onlara? Hələ bu azmış kimi, torpaqlarını azad etmək uğrunda savaşan Azərbaycanı günahlandırır, Ermənistanın mülki insanları, obyektləri hədəf seçməsini görməzdən gəlirdilər. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin bombardman edilməsi, insanların həlak olmasına da o zaman düzgün qiymət verilmədi. Ümumiyyətlə, 44 günlük müharibə zamanı Ermənistanın müharibə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Goranboy, Bərdə, Ağcabədidə mülki obyektlərə raketlə hücumu nəticəsində Bərdədə 27 dinc sakin ölmüş, 80-i yaralanmış, Gəncədə 27 nəfər ölmüş, 125-i yaralanmışdı. Tərtərdə isə 17 nəfər ölmüş, 63 nəfər xəsarət almışdı.