DSX rəisinin müavini: İran xüsusi xidmət orqanları Azərbaycana qarşı fəaliyyətində narkotik qaçaqmalçılığından istifadə edir
MÜSAHİBƏLƏR

DSX rəisinin müavini: İran xüsusi xidmət orqanları Azərbaycana qarşı fəaliyyətində narkotik qaçaqmalçılığından istifadə edir

Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin mətbuata müsahibəsi

Əldə etdiyimiz məlumata görə, ötən gecə İranla dövlət sərhədində atışma olub. Bu məlumat qədər doğrudur?

Demək olar ki, hər gün bu cür hallarla qarşılaşırıq. Bəli, dünən növbəti dəfə narkotik qaçaqmalçıları dövlət sərhədini pozmağa cəhd ediblər. Gecə saatlarında Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Horadiz" Sərhəd Dəstəsinin xidməti ərazisində narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb. Bir neçə nəfər sərhəd pozucusu ölkə ərazisinə keçmək istəyib, onlar sərhəd naryadının qanuni tələbinə tabe olmayıblar sərhəd naryadına odlu silahdan atəş açıblar. Onlara qarşı silah tətbiq edilib, ərazinin mürəkkəb relyefli havanın qaranlıq olmasından istifadə edən sərhəd pozucuları geri qaçıblar. Hadisə yerində isə onlara məxsus 63,5 kq narkotik vasitə aşkar olunub. Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.

Ümumiyyətlə, İrandan Azərbaycana qarşı narkotik terrorunun son zamanlar artması müşahidə olunur...

Əvvəla onu deyim ki, Azərbaycana narkotik vasitələr gətirməyə cəhd edən cinayətkarlara qarşı ən sərt tədbirlər həyata keçirilir. Sərhəd naryadlarına hər hansı silahlı müqavimət, yaxud qanuni tələbə tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib. Bu tədbirlər bundan sonra da tam qətiyyətlə davam edəcək.

O ki qaldı sizin ifadə etdiyiniz kimi, İrandan narkotik terrorunun artmasına, bəli, statistika bu faktı təsdiqləyir. Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb. Belə ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb. Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Statistikaya nəzər yetirəndə maraqlı fakt ortaya çıxır. Məhz 2022-ci ildə İrandan Azərbaycana narkotik qaçaqmalçılığı cəhdlərinin həddən çox artdığı göstərilir. Sizcə, bunun səbəbi nədir?

Ümumiyyətlə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaqmalın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018-2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik. Bu isə onu göstərir ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik işğal altında olan hissəsinin payına düşüb. Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərədək işğal altında olan sərhəd ərazilərimizdən kütləvi narkotrafik məqsədilə istifadə edilib. İrandan gətirilən narkotik vasitələr həmin ərazilərdən keçirilməklə Ermənistana daşınıb. Ermənistan ilə birgə həyata keçirilmiş bu fəaliyyətdən həm Ermənistan, həm İİR böyük həcmdə cinayətkar gəlir əldə ediblər. Bu barədə ölkəmizin hüquq-mühafizə orqanları çoxsaylı faktlar müəyyən ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sərhədçilərinin böyük rəşadətlə, döyüşərək azad etdiyi İİR ilə dövlət sərhəd xətti üzərində nəzarətimizin bərpa edilməsi böyük bir regional narkotrafikin qarşısının alınmasına da öz töhfəsini vermişdir.

Xatırlatmaq yerinə düşər ki, ABŞ Dövlət Departamentinin narkotiklər üzərində beynəlxalq nəzarət strategiyası haqqında hesabatlarında da bu məqam dəfələrlə əks olunub. "Qara dəlik" kimi xarakterizə olunan bu narkotrafikdən əldə olunan böyük həcmli maliyyə vəsaitləri separatçı rejimin Ermənistanın cinayətkar rəhbərliyinin şəxsi məqsədləri üçün sərf olunmaqla yanaşı, işğal altında olan ərazilərin azad olunmasını əngəlləmək məqsədilə silah-sursat alınması üçün geniş istifadə olunub.

Sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan narkotik qaçaqmalçılarını yerindəcə