Azərbaycan xalqının qəhrəman övladları tarix boyu öz torpaqlarını düşməndən böyük rəşadətlə qorumuş, işğalçılara qarşı qətiyyətlə mübarizə aparmışlar. Onlar üçün ən ali duyğu Vətən sevgisi olmuş, bu yolda canlarından belə keçməkdən çəkinməmişlər. Tarix sübut edir ki, Azərbaycanın xalqının mərd oğul və qızlarının milli azadlıq mücadiləsi hətta ən qüdrətli imperiyaları sarsıdıb və süqutunu sürətləndirib. Bizə ata-babalarımızdan miras qalan bu qəhrəmanlıq salnaməsi ən böyük milli-mənəvi sərvətlərimizdəndir. Məhz bu səbəbdəndir ki, bu gün Azərbaycan Ordusunun gücü, qüdrəti dillər əzbəridir, şanı-şöhrəti hər yeri bürüyüb. Əsgər və zabitlərimizin yazdığı qəhrəmanlıq dastanı dərindən araşdırılır və öyrənilir.
Heydər Əliyev həyata böyük işlər üçün gəlmişdi, xalqı üçün doğulmuşdu. Onun adı dünya tarixində dövlət yaratmış nadir şəxsiyyətlər sırasındadır. Dövlətimizin əsas sütunlarından biri olan yenilməz Ordumuzun banisi də ulu öndər Heydər Əliyevdir. Ümummilli lider hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmlərdə bu barədə düşünür, yerli hərbi kadrların hazırlanması üçün mühüm addımlar atırdı. Onun böyük zəhməti və qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması tarixi hadisə idi. Bu, imkan verdi ki, respublikamızda hərb sənətinə maraq artsın, zabit kadrlar hazırlansın. Müstəqilliyin bərpasından sonra həmin məktəb ordu quruculuğunda əsas baza oldu. Milli hərbi kadrların böyük əksəriyyətini bu məktəbin yetirmələri təşkil edirdi.
Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizələr, anarxiya, xaos nizami ordunun yaradılmasına imkan vermirdi. Cəbhədə məğlubiyyətlər davam edirdi. Belə bir ağır məqamda xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə başladı, qısa müddətdə yeni hərbi hissələr yaradıldı. Orduda döyüş ruhu yüksəldi. Bunun nəticəsi uğurlu "Horadiz" əməliyyatı oldu ki, işğal edilmiş bir sıra ərazilərimiz azad edildi, düşmənə sarsıdıcı zərbə vuruldu. Həmçinin bu əməliyyat münaqişənin gedişinə əsaslı təsir etdi, düşmən atəşkəs müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha geniş vüsət aldı, maddi-texniki təminat yaxşılaşdırıldı, əsgər və zabitlərin mənəvi-psixoloji hazırlığı artırıldı. 1994-cü ildən NATO ilə əməkdaşlıq, hərbçilərimizin bu hərbi-siyasi təşkilatın proqramlarında iştirakı və ən son hərbi yenilikləri mənimsəməsi, həmçinin sülhməramlı qüvvələrin tərkibində təcrübə keçməsi Azərbaycan Ordusunu modern orduya çevirdi.
Bütün sahələrdə ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev hərbi sferada da böyük nailiyyətlərə imza atdı. Hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı yüksəldildi, Ordumuzun təchizatı müasir silah və texnika ilə gücləndirildi. Bu addımların nəticəsi olaraq beynəlxalq hesabatlarda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında göstərildi. Ordumuzun gücünə həm düşmənlərimiz, həm də onların havadarları 2016-cı ilin Aprel döyüşlərində bələd oldu. Hərbi təxribatlara cavab olaraq əks-hücuma keçən Ordumuz bir neçə saat ərzində 2 min hektardan artıq ərazini düşməndən təmizlədi, minlərlə hektar ərazini nəzarətə götürdü. Bu qələbə xalqımıza yeni ruh verdi, torpaqlarımızın tamamilə düşməndən təmizlənəcəyinə inamı artırdı. Eləcə də düşmənlərimizə göstərdi ki, Azərbaycandan bir qarış belə torpaq qopara bilməyəcəklər. Əminliklə deyə bilərik ki, Aprel döyüşləri qələbəyə gedən yolumuza parlaq işıq saldı, düşmən üzərində psixoloji üstünlüyümüzü təmin etdi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə Şərqi Zəngəzuru və Qarabağı təcavüzkar düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri bu Qələbə ilə tarixin axarını dəyişdi, regionda yeni reallıqlar yaratdı, ölkəmizlə bağlı bütün məkrli planları alt-üst etdi. Bu gün xalqımızın hər bir nümayəndəsi onu müzəffər edən şanlı Ordusu ilə fəxr edir, əsgər və