Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına mərkəz və kompleks barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Burada mühəndis-texniki heyətin səmərəli fəaliyyətini təmin edən müasir avadanlıqla təchiz olunmuş iş otaqlarının, vətəndaş qəbulu üçün şəraitin yaradılması nəzərdə tutulub.
Qeyd olundu ki, Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq.
Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulacaq.
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib olunub, həm personalın, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Burada elektroenergetika sahəsində əldə olunmuş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları) və təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim ediləcək.
Məlumat verildi ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Poliqonda günəş və külək enerji mənbələrinin qurulması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (günəş və külək enerji mənbələri) və innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.
Burada yaradılacaq Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın daşınması, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanmasından ibarətdir.
Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.
Mərkəzi Laboratoriya smart-sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən paylayıcı elektrik şəbəkəsinin qurulması istiqamətində görülmüş işlər barədə də məlumat verildi. Qeyd edildi ki, Ağdam rayonu ərazisində yerləşən infrastruktur və strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə