Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa önəm verir
"Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk". Bu fikirləri Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmon deyib. Görüşdə Prezident İlham Əliyev vurğulayıb: "Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik".
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan-Tacikistan münasibətləri geniş gündəliyə malik olmaqla yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir. Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri də bu mənada xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Bu sənədlər Azərbaycan-Tacikistan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir. Belə ki, Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əməkdaşlıq arqumentləri də dövlətimizin beynəlxalq arenada nüfuzunun və dayanıqlı inkişaf strategiyasının artdığını təsdiqləyir. Tarixə nəzər salsaq görərik ki, 1993-cü ildən etibarən Azərbaycan Avropa, Asiya və digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş, müxtəlif sahələrdə əlaqələr qurmağa başlamış və bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir.
Ölkə Prezidenti bəyanatında qeyd edib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmiş, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ölkə başçısı bildirdi ki, ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emoməli Rəhmon, həm də ulu öndər Heydər Əliyev, - hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bugünkü uğurlu inkişafımızın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Bu gün dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını