Son illərdə Azərbaycanın region dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Ölkə başçımızın türkdilli ölkələrə, Mərkəzi Asiyaya, həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin genişlənməsini şərtləndirir. Azərbaycan istər enerji, istərsə də neft-qaz sahəsində region və ətraf ölkələrə böyük töhfələr verir. İmzalanmış ikitərəfli strateji dostluq bəyannamələri gələcək üçün möhkəm zəmin yaradır.
Türk dövlətləri ilə olan münasibət dünyaya nümunədir. Qarşılıqlı əlaqələrdə, həmçinin birgə atılan addımlarda Prezident İlham Əliyevin böyük rolu var. Martın 16-da keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada baş tutmuşdu. Fövqəladə toplantının keçirilməsinin əsas səbəbi fevralın 6-da Türkiyədə dəhşətli zəlzələnin baş verməsi nəticəsində 50 minə yaxın əhalinin həlak olması və qardaş ölkədə yaranan vəziyyət olub. Tarixi qələbəmizdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat-logistika imkanlarının genişlənməsi istiqamətində görülən işlər ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Azərbaycana qarşı artan marağın bir digər səbəbi isə Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaların məhz ölkəmizin ərazisindən keçməsidir.
Ölkəmizin Tacikistanla da münasibətləri genişlənir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Tacikistanda Azərbaycanın, növbəti il isə Azərbaycanda Tacikistanın səfirliyi açılıb. Bu il Azərbaycan-Tacikistan arasında diplomatik əlaqələrin artıq 31-ci ildönümüdür. Bunun şərəfinə aprelin 5-də Prezident İlham Əliyevin Tacikistana səfəri baş tutub. Görüş zamanı iki ölkə arasında 14 strateji sənəd imzalanıb. İllərdir davam edən münasibətlər haqqında danışan ölkə başçısı deyib: "Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, - hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı".
Azərbaycan və Tacikistanın bir digər ortaq xüsusiyyəti isə iki ölkənin də paytaxtlarının dillər əzbəri olmasıdır. İstər Bakı, istərsə də Düşənbə özündə keçmişlə bu günümüzün ahəngini birləşdirir. Həmçinin Prezident İlham Əliyev öz çıxışı zamanı Düşənbə şəhərinin inkişafından da danışıb.
Düşənbə Şərq ekzotikası və Mərkəzi Asiya xarizmasını özündə birləşdirən şəhərdir. Ölkənin sözün əsl mənasında göz bəbəyi, incisi onun paytaxtıdır. Ölkənin mərkəzi nə qədər inkişaf etsə, bununla yanaşı, öz tarixi izlərini özündə daşısa, bir o qədər onu irəli aparar. Turistlər hər zaman ilkin olaraq paytaxtı ziyarət edirlər. İlk təəssürat ümumi ölkə haqqında təəssürat üçün zəmin yaradır, körpü rolunu oynayır. Bu cəhətdən Azərbaycan və Tacikistanın paytaxtları öz gözəllikləri ilə insanı valeh edirlər. Hər iki paytaxt arasında ötən il qardaşlaşma haqqında memorandum imzalanıb. Memoranduma əsasən, paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi əsas məqsəd kimi nəzərdə tutulub. Qeyd edək ki, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə birbaşa uçuşlar yerinə yetiriləcək. Bu da yaranan əlaqələrin daha da inkişaf etməsinə təkan verir.
Hazırda ölkələr arasında bir çox sahədə əməkdaşlıq mövcuddur. Bunun əsası isə 2007-ci il martın 15-