Doğum günü şəhid olan Heybullah Əsdiyev
Region

Doğum günü şəhid olan Heybullah Əsdiyev

Balakən rayonunun Qaysa kəndində 1993-cü il oktyabrın 14-də anadan olan Heybullah Əsdiyev Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsində vuruşub. Bir neçə ağır döyüşlərin iştirakçısı olub, Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərib. Ağdərə istiqamətində gedən döyüşlər zamanı doğulduğu gün - oktyabrın 14-də qəhrəmancasına şəhid olub. Balakən rayonunun Qaysa kəndində dəfn edilib.

"Heybullah çox dəcəl uşaq idi, amma nə qədər dəcəl olsa da o qədər də ağıllı idi. Heç bir sözümüzü yerə salmazdı. Hələ uşaq ikən atası evdə olmayanda bütün işləri o özü görərdi, çox ciddi və çalışqan idi. Özündən kiçik qardaşı Kamrana həmişə öyüd verirdi, yol göstərirdi, nadinclik edəndə başa salardı. Son dərəcə nümunəvi əsgər olub, verilən xasiyyətnamədə onun xidmətləri həmişə yüksək qiymətləndirilirdi. İşinə məsuliyyətlə yanaşdığı, dəqiqliyi, təmiz və səliqəli olmağı xüsusilə qeyd edilmişdi".

Anası Nəzakət Əsdiyeva daha sonra bildirdi ki, orduya sentyabrın 21-də çağırmışdılar. Dərhal getdi, düyüşə ilk atılanlardan oldu. Həmin ilin yanvar ayında çiynindən əməliyyat olmuşdu, köpücük sümüyünü çıxartmışdılar. Dostlarından biri deyib ki, çiynini göstər, hələlik ön cəbhəyə getmə. Heybullah isə deyib ki, indiki vaxtda mən bunu edə bilmərəm. Döyüşə yollanıb. Dostu 3 gün ondan xəbər ala bilməyib, kimsə ona deyib ki, Heybullah şəhid olub. 4-cü gün dostu görüb ki, o dağdan gülə-gülə gəlir, üz-gözü görünməz halda. Onu qucaqlayıb ağlayıb ki, eşitdim şəhid olmusan. Heybullah dostunu kənara itələyib deyib ki, ölmək vaxtı deyil, hələ mənim görüləsi xeyli işlərim var. Komandiri leytenant Orxan Nəbiyev deyib ki, Heybullah özü könüllü olaraq kəşfiyyatçılara qoşuldu.

Qeyd olundu ki, əsgər yoldaşları onun xətrini çox istəyirdilər, ona görə də bizimlə tez-tez əlaqə saxlayırlar. Bir dəfə 6 nəfər əsgər yoldaşı gəlmişdi. Hətta bəzi dostları onun şəhid olduğundan xəbərsiz idi. Telefonuna zəng edib vəziyyəti ilə maraqlananda biliblər. Qardaşı Kamran onun nömrəsi itməsin deyə işlədir. Kamran "qardaşım şəhid olub" deyəndə dostları çox məyus olublar.

Nəzakət xanım qeyd etdi ki, Heybullah əvvəl həqiqi xidmət vaxtı sülhməramlılarda xidmət etmişdi. Sülh tərəfdarı idi. Atasının sağ əli idi. Toyuna hazırlaşırdıq...

Oğlum şəhid olduqdan xeyli sonra bizə 1 manat pul gətirdilər. Üstündə Heybullah öz əli ilə yazmışdı: "Şəhidləri unutmayın. Heybullah, Balakən". Pulu Qazax rayonunda marketdə işləyən bir xanım tapıb göndərmişdi.

Şəhidin evdə olan xatirə əşyalarının içində "Poçt qutusu"da xatirəsini ziyarət edənlərin diqqətindən yayınmır. Kənd məktəbinin şagirdləri tərəfindən yazılan məktubları həyəcansız oxumaq mümkün deyil.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

M.NƏRİMANOĞLU,

"Respublika".