Ölkə başçımızın bu ali keyfiyyətləri beynəlxalq aləmdə də təqdir olunur
uğurlu daxili və xarici siyasət yürütməklə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan Azərbaycan bütün sahələr üzrə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində ölkə iqtisadiyyatının dinamikliyi təmin edilib, sənaye potensialı gücləndirilib, ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. Dərin siyasi dünyagörüşə, yüksək intellektə və möhkəm iradəyə sahib olan dövlət başçımızın milli məqsədlərə, xalqın mənafeyinə xidmət edən düşünülmüş siyasəti müstəqilliyimizi möhkəmləndirib, ölkəmizdə mütərəqqi inkişaf modeli formalaşdırıb.
Cənab İlham Əliyev dərin zəkası, ensiklopedik biliyi, geniş dünyagörüşü, əməli fəaliyyəti ilə müasir Azərbaycanın bugünkü reallıqlarını yaradıb, "əsl siyasət - konkret, real iş görməkdən ibarətdir" deyərək ölkəmizin gələcəyə aparan yollarını müəyyənləşdirib. Ölkə başçısının demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan beynəlxalq və regional problemlərin həllində rolunu və nüfuzunu günbəgün artırır. Demokratik cəmiyyət, insan haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq inkişaf etmiş, qüdrətli dövlətlərlə ayaqlaşan Azərbaycanın mövqeyi dünyanın, regionun əsas strateji və qlobal problemlərinin həllində nəzərə alınır, beynəlxalq, irimiqyaslı layihələr ölkəmizin iştirakı və milli maraqlarına uyğun olaraq həyata keçirilir.
44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan, eyni zamanda ona dost və qardaş olan ölkələr üçün böyük əhəmiyyət kəsb edən şanlı Zəfərimiz bütün türk dünyasının tarixinə əbədi yazıldı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat Vətən müharibəsinin son nöqtəsi oldu. Cənab İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan kimi deyil, həm də güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik siyasətçi, müdrik dövlət başçısı kimi bu Qalibiyyətə imza atdı. Möhtəşəm qələbəmizi həm döyüş meydanında uğurlu hərbi əməliyyatlar, döyüş taktikası, həm də dövlət başçımızın mötəbər kürsülərdən heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacağımızı, öz doğma torpaqlarımızı nəyin bahasına olur-olsun azad edəcəyimizi ehtiva edən bəyanatları şərtləndirdi, informasiya sahəsində üstünlüyümüz bu möhtəşəm qələbədə mühüm faktor oldu. Dövlət başçımız haqlı, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirərək ali tribunalardan çıxışları, beynəlxalq aparıcı KİV-lərə Azərbaycan həqiqətlərini doğru, düzgün əks etdirən fikirləri ilə Ermənistanın illərlə davam edən məkrli, qəzəbli, təşkilatlanmış informasiya hücumunu, yalan təbliğatını darmadağın etdi.
Hətta erməni lobbisinə xidmət edən jurnalistlərin belə ən məkrli, həqiqəti əks etdirməyən sualları qarşısında ali diplomatiya, heyrətamiz analitik təfəkkür, dərin məlumatlılıq və natiqlik bacarığı göstərərək Azərbaycanın bu məsələdə haqlı olduğunu, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi.
İkinci Qarabağ müharibəsi artıq 3 ilə yaxındır başa çatıb. Azərbaycan düşmən üzərində qalibiyyəti ilə bütün dünyada qüdrətini, nüfuzunu daha da artırıb. Artıq dünya ölkələri zəngin enerji potensialına sahib olan müstəqil Azərbaycanla əlaqələri şaxələndirməyə, dostluq münasibətləri qurmağa çalışırlar. Ölkəmizin gündən-günə daha da qüdrətlənməsi, həm iqtisadi, həm ordu quruculuğu sahəsində sürətli tərəqqisi, regional liderliyi ölkə başçımızın yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsi sayəsində mümkün olmuşdur. Ölkə başçımızın bu uğurlarını bir çox dünya liderləri də təqdir edir. Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışında Serbiya Prezidenti Aleksandar Vuçiç interkonnektorun uğurla tamamlanmasında Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq qeyd etmişdir: "Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".
Ölkə başçımızın digər keyfiyyətləri, xüsusən natiqlik məharəti, bir neçə dildə heç bir tərcüməçiyə ehtiyacı olmadan səlis danışması, müxtəlif mövzularda fikir mübadiləsi aparması və s. dünya mediasının diqqət mərkəzindədir. Belə ki, 2021-ci il fevralın 26-da İlham Əliyevin yerli və xarici media nümayəndələrinə müsahibəsi zamanı İspaniyanın "La Vanguardia" qəzetinin müxbiri sualdan əvvəl: "biz ötən ilin dekabr ayında Ağdamda olduq və burada xüsusilə Sizin dil qabiliyyətinizi qeyd etmək istərdim. Bizdə İspaniyada siyasətçilər bunu edə bilmir", - deyərək dövlət başçımızın müxtəlif xarici dil biliklərini vurğulamışdır. Böyük Britaniyadan olan müstəqil jurnalist isə: "Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım", - etirafı Azərbaycan Prezidentinin zəngin biliklərə, geniş dünyagörüşə sahib müdrik lider olduğunun isbatıdır. 4 saatdan artıq vaxt ərzində 4 dildə 35-dən çox dünya mediasının 50-yə yaxın sualını xüsusi hazırcavablıqla, məntiqlə cavablandırması dövlət başçımızın yüksək intellektinin göstəricisidir. Uğurlu daxili və xarici siyasətin əsasında da məhz bu amil dayanır.
Mehparə ƏLİYEVA,
"Respublika".