İslam dini adı altında Cənubi Qafqazda, həmçinin bütün dünyada öz kirli planlarını reallaşdırmağa çalışan İran regional və beynəlxalq aləmdə sülhə təhdiddir. Avropa, Amerika və digər qitələrdə öz terrorçuluq fəaliyyətini açıq-aydın nümayiş etdirən molla rejimi son zamanlar anti-Azərbaycan siyasəti ilə gündəmdədir.
Qlobal terror, xaos və özbaşınalığa açıq-aşkar dəstək verən İran demək olar ki, dünyanın bir çox nöqtələrində baş verən qətl və cinayətlərdə bu və ya digər şəkildə iştirakçı rolunu oynayır. İraqda, Suriyada yüzlərlə insanın qanına əli bulaşan molla rejimi təkcə hüdudlarından uzaqlarda deyil, sərhədlərində də gərginliyi artırmaqdadır. Dini dəyərləri öz mənfəəti naminə ayaqlar altına alan, dünyada islamofobiyanın artmasının birbaşa səbəbkarı olan, tarix boyu Azərbaycana qənim kəsilmiş, ölkəmizdə və digər ərazilərdə müxtəlif muzdlu təşkilatlar vasitəsilə bölücülük siyasəti yürüdən mənfur qonşumuz Ermənistanla sanki bir almanın iki yarısıdırlar. İran Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də "İslam ölkəsi" kimi Azərbaycana dəstək olmaq əvəzinə, yük maşınları ilə erməniyə silah göndərir, hətta işğal olunmuş ərazilərdəki evləri sökərək öz ölkəsinə daşıyırdı.
Qazanılan hərbi-siyasi uğurlarımızdan sonra Azərbaycanı özünə təhdid olaraq görən saxta İslam Respublikası Tehrandakı səfirliyimizdə törədilən terror aktına göz yumdu. Məsələnin araşdırılması və istintaq prosesinin hüquqi çərçivədə aparılması bir yana, İran hakim dairəsinin hələ də Azərbaycan dövlətindən üzr istəməməsi məsələnin çirkin məqamlarını üzə çıxardı. Səfirliyimizə edilən hücumdan sonra daha bir dəhşətli terror aktı törədildi. Milli Məclisin deputatı Fazil Mustafa İranın növbəti hədəfi oldu. İran rejiminə və siyasi gedişlərinə qarşı səsləndirdiyi haqlı iradları nəzərə aldıqda bu cinayətin də arxasında İranın durduğu bariz görünür. Mənfur qonşularımızın növbəti üz qızardıcı əməli isə birbaşa İranın maliyyələşdirdiyi SEPAH-ın "uşaq əsgərlər" siyasətidir. Human Rights Watch (İnsan haqları monitorinqi) təşkilatının (HRW) hesabatında qeyd edilir ki, İranda sığınacaq tapmış 14 yaşlı əfqan qaçqınlar "Fatimiyun" adlı hərbi qruplaşmaya cəlb ediliblər. Həmin uşaqlardan Suriya döyüşlərində də istifadə edilib və sonra öldürülüblər. HRW-nin bu hesabatının dərc edilməsindən sonra ABŞ Dövlət Departamenti 2018-ci ildə qeyd edilən faktları araşdırıb. Araşdırmalar bitdikdən sonra İranın adı "uşaqları qanunsuz hərbi xidmətə cəlb edən dövlətlərin siyahısı"na əlavə edilib. İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən, hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsi də bu məsələnin əyani sübutudur.
Azərbaycan dövləti İslam dəyərlərini İrandan daha yüksəkdə tutur. Unudulmamalıdır ki, saxtakar İran dövlətinin İslam dinini təhrif etməsi cinayətdir. Məhz terror yuvasından məqsədli şəkildə ölkəmizə göndərilən, din çadrasına bürünərək dinc əhalimizin dini əqidəsinə təsir etməyə çalışan xüsusi missiya icraçıları bu gün və keçmişdə olduğu kimi, İranın bölücülük siyasətini təbliğ edirlər. Heç şübhəsiz, Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları tərəfindən bu kimi cinayətkarlar aşkarlanaraq zərərsizləşdirilir. Təəssüf ki, hər zaman düşmənin dəyirmanına su tökməyə öyrəşmiş, ümummilli dəyərlərə əsaslanan məsələlərdə vahid mövqe nümayiş etdirə bilməyən bir qrup aktivist bu kimi kampaniyaların qurbanı olur. Həmin şəxslər yaxşı anlamalıdır ki, törədilən terror aktları və təhdidlər bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə yönəlmiş sui-qəsd mahiyyəti daşıyır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün öz qalib dövrünü yaşayan Azərbaycan dövləti bütün bu sınaqların öhdəsindən məharətlə gəlir. Belə ki, qəhrəman Azərbaycan xalqı öz dövlətini, dövlətimiz də xalqını qorumağı yaxşı bacarır. Bunun əsas səbəbi isə Azərbaycanda dövlətlə xalqın sarsılmaz vəhdətidir.
Nurlan ABDALOV,
"Respublika".