XIX əsrin sonu - XX əsrin əvvəllərində çapdan çıxan "Tərcüman" qəzetinin Türk dünyasında, türk xalqlarının düşüncə və mədəniyyəti tarixində böyük rolu olmuşdur. Qəzetin naşiri İsmayıl bəy Qaspıralı (1851-1914) Türk düşüncəsi tarixində özünəməxsus iz qoymuşdur. Bu il aprel ayının 10-da "Tərcüman" qəzetinin çapdan çıxmasının 140 illiyi tamam olur.
İsmayıl bəy Qaspıralı Krımda Yalta yaxınlığındakı şəhər tipli qəsəbə olan Qaspraya mənsub olduğuna görə, Qaspıralı soyadını daşımışdır. İsmayıl bəy doğum yeri və tarixi barədə belə yazmışdır:
Doğulmuşam mən Avcıköydə min səkkiz yüz əlli birdə,
Məqamımdır Bağçasaray, məzarım kim bilir harada?
Dövrün elmi biliklərinə yiyələnən İsmayıl bəy Qaspıralı bir müddət Parisdə yaşamış, Krıma qayıdaraq ictimai-siyasi həyatda fəal iştirak etmişdir. Rusiya İmperiyası tərəfindən Krım Xanlığının işğal edilməsinin yüz illiyinin tamamında İsmayıl bəy "Tərcüman" qəzetinin çapı üçün icazə almışdır. Qəzetin 20 aprel 1883-cü il tarixli ikinci sayında "Qəzet nədir?" başlıqlı məqalədə İsmayıl bəy Qaspıralı "Qəzet vaxtında çap olunan, insan həyatından, siyasətdən, idarəçilikdən və ədəbiyyatdan, mövcud hadisələrdən bəhs edən bir nəşr növüdür ki, oxucu vətənində yaşadığı halda, dünyanın hər yerindəki işlərdən, yazılan əsərlərdən xəbərdar olur. Yaxşı şeylər eşidib, mənəvi və maddi faydalar kəsb edir".
Böyük mütəfəkkir qəzetin sadə və açıq, hər kəsə izah edilə bilən dil və qələm işlətdiyini vurğulayaraq göstərmişdir ki, türk, tatar, Azərbaycan, kumuk, noqay, başqırd, özbək, tarançi, kaşğari, türkmən və digər türk qövmləri arasında yayılmışdır.
"Tərcüman" qəzeti bütün türk xalqlarının maariflənməsinə çalışmış, onların dilinin, mədəniyyətinin təbliğinə xidmət etmişdir. Görkəmli mütəfəkkir Yusif bəy Akçura "Böyük türklük" nəzəriyyəsindən bəhs edərkən İsmayıl bəy Qaspıralının və "Tərcüman" qəzetinin rolunu yüksək dəyərləndirmişdir: İsmayıl bəy, bütün türk aləmini göz önündə tutaraq, ona görə çalışdı. "Tərcüman"a görə, kazan tatarları, Orta Asiya sartları, tarançilər filan yoxdur. Bir dinə inanmış, bir dil ilə danışan türklər vardır. "Tərcüman" məhəlli türk ləhcələrinin üstündə ümumi bir türk dilinin öyrənilməsini tövsiyə edir. İsmayıl bəyin türklüyə etdiyi böyük xidmətlərdən birincisi, heç şübhə yoxdur ki, milli ibtidai məktəblərin Rusiya türkləri arasında yayılması olmusdur.
Türkiyəli mütəfəkkir Hilmi Ziya Ülkən İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" başlıca düsturunu belə açıqlamışdır: "Qaspıralı bir tərəfdən İstanbulda türklüyə aid nəşrləri, digər tərəfdən də Avropadakı türkoloqların nəşrlərini oxuyurdu. Bu təsirlə o, türk qövmləri arasında dil birliyi ideyasına çatdı. Türk ləhcələrini yazı dilində birləşdirərək türk birliyinin təmin edilməsi fikrini müdafiə edirdi. Qaspıralı təhsildə "üsul-i cədid" adlandırdığı qərb təhsil metodlarını sxolastikaya qarşı müdafiə etmişdir. O zaman Rusiya türkləri arasında mədrəsə tədrisi üstündü. Bir tərəfdən çarlıq idarəsi, digər tərəfdən isə sxolastik mədrəsə təfəkkürü yeni nəslin inkişafına iki böyük maneə idi. O, tərəqqi uğrunda 30 ilə yaxın çalışmışdır. Qaspıralı dildə, fikirdə, işdə birlik fikrinin ilk ikisini həyata keçirmiş, üçüncüsü isə o günün şərtlərinə görə tam mümkün deyildi".
AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov "Tərcüman" qəzetinin nəşrinin ilk dövrlərində Rusiyanın türkdilli xalqlarının tərəqqisi, maarifçilik ideyaları və s. bu kimi məsələləri təbliğ etdiyi üçün rəğbət qazandığını qeyd etmisdir. Alim qəzetin müsəlmanlar arasında geniş yayıldığını, qəzetdə Azərbaycan haqqında yazıların müəlliflərinin əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə olduğunu bildirmişdir. Əziz